Rusiyanın axtarışa verdiyi azərbaycanlı Türkiyədə saxlanılıb.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, Muğla Polis İdarəsinin Kəşfiyyat və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbələrinin əməkdaşları axtarışda olan şəxslərin saxlanılması istiqamətində əməliyyat keçirib.
Əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Azərbaycan vətəndaşı E.A. bu gün Marmarisdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin adamlarından biridir. Onun barəsində Türkiyədə tətbiq olunan G-26 məhdudiyyət (Türkiyəyə girişə qadağa və ya ölkədən deportasiya olunmalı şəxs) kodu olduğu da bildirilir.
Hazırda onun ətrafında araşdırmalar davam etdirilir.
Bizim.Media






































































































