Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin sakinləri ərazidəki əsas yollardan birini bərbad durumda olmasından şikayətçidirlər.
Bizim.Media xəbər verir ki, vətəndaşlardan biri qəsəbənin AB massivinin bir hissəsində yol çəkilişi və asfaltlanma işləri aparıldığını, lakin ərazinin digər hissəsində prosesin yarımçıq qaldığını iddia edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli məsələ ilə bağlı bildirib ki, Bakı şəhəri üzrə təmir işləri əvvəlcədən tərtib olunmuş qrafik əsasında, rayon və yaşayış məntəqələri üzrə mərhələli şəkildə həyata keçirilir:
"İyunun 15-dən etibarən Bakı şəhərinin 12 inzibati rayonunda təmirə ehtiyacı olan küçə və yollarda işlərə başlanılıb. Ümumilikdə 110 küçə və prospekti əhatə edən proqram çərçivəsində artıq 80-ə yaxın küçədə təmir işləri yekunlaşdırılıb.
Şəhərin mərkəzi hissəsini əhatə edən Yasamal, Nərimanov, Nəsimi, Nizami, Xətai və Səbail rayonlarında nəzərdə tutulan əsas təmir işləri artıq başa çatdırılıb. Digər 6 inzibati rayonda isə işlər təsdiq edilmiş qrafikə uyğun olaraq davam etdirilir.
Təmir işlərinin bütün ərazilərdə eyni vaxtda aparılması texniki baxımdan mümkün olmadığından proses mərhələli şəkildə təşkil olunur. Növbəti mərhələlərdə də Agentliyin balansında olan və təmirə ehtiyacı müəyyən edilmiş digər küçə və yollar, o cümlədən qeyd olunan yaşayış massivindəki küçə qrafikə uyğun şəkildə təmir olunacaq". (Oxu.az)
Bizim.Media

































































































