Bir gün ərzində .az domen zonasındakı 22 veb-sayt kiberhücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunur ki, .az domen zonasında aparılan monitorinq zamanı veb-saytlarda çoxsaylı icazəsiz dəyişikliklər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, bir gün ərzində "Xscyth3" təxəllüslü haker tərəfindən 22 domenə hücum həyata keçirilib.
Zərər çəkmiş saytların əksəriyyəti turizm sektoru ilə bağlıdır; bura tur operatorluğu, transfer xidmətləri, fərdi və qrup turları, eləcə də Bakı və Azərbaycanı əhatə edən səyahət xidmətləri daxildir.
Milli Kibertəhlükəsizlik Xidmətinin məlumatına əsasən, insidentlərin eyni vaxtda baş verməsi və oxşar xüsusiyyətlərə malik olması, onların ortaq texniki və ya inzibati infrastrukturla əlaqəli ola biləcəyini göstərir.
Texniki təhlil zamanı müəyyən edilib ki, bəzi domenlər ortaq qeydiyyat məlumatlarına malikdir. Xüsusilə, bir neçə domendə "[email protected]" e-poçt ünvanı və "Azerbaijan Travel International" təşkilat adı aşkar olunub.
Bundan əlavə, məlum olub ki, 19 domen AS47583 / AS-HOSTINGER şəbəkəsində yerləşdirilib və eyni ad serverlərindən (NS), həmçinin "hcdn" server göstəricisindən istifadə edib.
Agentlik bu məlumatları hədəfə alınan domenlər arasında mümkün ortaq infrastruktur və ya idarəetmə əlaqəsinin göstəricisi kimi qiymətləndirib.
Milli Kibertəhlükəsizlik Xidməti veb-sayt sahiblərinə təhlükəsizlik auditi və insident araşdırmaları aparmağı, həmçinin məzmun idarəetmə sistemlərini (CMS), plaginləri və digər komponentləri yeniləməyi tövsiyə edib.
Tövsiyələrə həmçinin administrator hesablarının şifrələrinin dəyişdirilməsi, çoxfaktorlu autentifikasiyanın tətbiqi, server və tətbiq loqlarının təhlili, boşluqların aradan qaldırılması və davamlı təhlükəsizlik monitorinqinin təşkili daxildir.
Bizim.Media






























































































