Bakı növbəti dəfə dünyanın təhlükəsizlik gündəminin mühüm müzakirə platformalarından birinə çevrilib. Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən IV Bakı Təhlükəsizlik Forumunda beynəlxalq təşkilatlarla yanaşı, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələri iştirak edir.
Təxminən 600 yüksəksəviyyəli nümayəndənin qatıldığı forumun mövzusu – “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması”na həsr olunub.
Sözügedən mövzu ilə bağlı aparılan müzakirələr isə müasir dünyanın qarşılaşdığı ən mürəkkəb təhlükəsizlik çağırışlarını əhatə edir.
100-dən artıq dövlətin xüsusi xidmət orqanlarının rəhbərləri eyni platformada
IV Bakı Təhlükəsizlik Forumunu fərqləndirən əsas məqamlardan biri iştirakçıların sayı qədər onların təmsil etdiyi institutların səviyyəsidir.
Diplomatik və siyasi forumlarda dövlət başçıları, hökumət üzvləri, diplomatlar və ekspertlər müxtəlif məsələləri müzakirə edə bilərlər. Lakin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərlərinin eyni platformada bir araya gəlməsi fərqli xarakter daşıyır. Çünki bu strukturlar dövlətlərin milli təhlükəsizlik sistemində ən həssas istiqamətlər üzrə fəaliyyət göstərirlər.
Məhz buna görə 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin Bakıda toplaşması forumun strateji önəminin göstəricisidir.
Bu formatda müxtəlif siyasi mövqelərə malik dövlətlərin nümayəndələrinin eyni masa ətrafında ortaq təhlükələri müzakirə etməsi də xüsusi əhəmiyyət daşıyır.
Prezidentin təşəbbüsü, DTX-nin uğurlu təşkilatçılığı
Prezidentin təşəbbüsü və Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən Bakı Təhlükəsizlik Forumunun dördüncü dəfə baş tutması platformanın artıq davamlı institusional xarakter aldığını göstərir.
Prezident İlham Əliyev də forum iştirakçılarına müraciətində Bakı platformasının genişlənən coğrafiyasına xüsusi diqqət çəkib:
“Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır.”
Dövlətimizin başçısı həmçinin forumun iştirakçı coğrafiyasının genişlənməsini Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisi kimi qeyd edib.
Burada digər diqqət çəkən məqam forumun təhlükəsizlik sahəsində davamlı peşəkar dialoqun institusional mexanizmi kimi formalaşmasıdır. Bakı artıq müxtəlif dövlətlərin təhlükəsizlik qurumlarının rəhbərlərinin bir araya gəldiyi, təcrübə mübadiləsi apardığı və ortaq çağırışları müzakirə etdiyi platformaya çevrilib.
“Bakı formatı”nın əsas üstünlükləri
Bakı Təhlükəsizlik Forumunun unikallığı, ilk növbədə, təhlükəsizlik məsələlərinin bütün tərəflərin iştirakı ilə müzakirəsinə imkan verməsindədir. 100-dən artıq dövlətin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin eyni platformada iştirakı özü-özlüyündə geniş coğrafiyalı dialoq deməkdir.
Forumda müzakirə olunan məsələlərin də ortaq xüsusiyyəti var: dövlətlərə qarşı təhdidlərin böyük hissəsi sərhədlərlə məhdudlaşmır. Terrorçuluq, transmilli cinayətkarlıq, narkotik dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və qanunsuz silah dövriyyəsi bir ölkənin səyləri ilə tam şəkildə aradan qaldırıla biləcək problemlər deyil.
Məhz buna görə Bakı platformasının əsas məzmunu əməkdaşlıq, məlumat mübadiləsi və qarşılıqlı etimad məsələləri üzərində qurulur.
Dünyanın təhlükəsizlik xəritəsi dəyişir
Forumun gündəliyinin aktuallığını müəyyənləşdirən əsas amil beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklərdir.
Geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda münaqişələrin davam etməsi, yeni risklərin meydana çıxması və etimad böhranının dərinləşməsi fonunda təhlükəsizlik məsələsi ayrı-ayrı dövlətlərin daxili problemi olmaqdan çıxaraq qlobal gündəmin əsas mövzularından birinə çevrilib.
Prezident İlham Əliyev də müraciətində bu məqama diqqət çəkərək, dünyanın sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşadığını vurğulayıb:
“Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir.”
Dövlət başçısı eyni zamanda etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsinin milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirdiyini vurğulayıb.
Digər tərəfdən, müasir dövrdə təhlükəsizlik yalnız dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Bir regionda baş verən böhran digər regionlara çox qısa müddətdə siyasi, iqtisadi və təhlükəsizlik baxımından təsir göstərə bilər. Çünki enerji və ərzaq təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, miqrasiya prosesləri və transmilli cinayətkarlıq bir-biri ilə sıx bağlıdır.
Belə şəraitdə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsi və operativ əlaqələrin əhəmiyyəti daha da artır.
Süni intellekt və kiberməkan yeni təhlükəsizlik cəbhəsi kimi
Forumun diqqət çəkən istiqamətlərindən biri də texnologiyaların yaratdığı yeni risklərdir. Süni intellekt, rəqəmsal platformalar və kiberməkan bir tərəfdən dövlətlər üçün yeni imkanlar yaradırsa, digər tərəfdən terrorçu və kriminal şəbəkələrin fəaliyyət imkanlarını genişləndirə bilir.
Dövlətimizin başçısı da müraciətində rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsinin radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verə biləcəyini qeyd edib.
Bu baxımdan Bakı Forumunun gündəliyi klassik təhlükəsizlik çərçivəsini aşaraq, həm də informasiya texnologiyalarının, süni intellektin və rəqəmsal infrastrukturun təhlükəsizliyini əhatə edir.
Ermənistan kəşfiyyat rəhbərinin Bakıya gəlişi
IV Bakı Təhlükəsizlik Forumunun beynəlxalq miqyasını göstərən başqa bir diqqətçəkən hadisə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristina Qriqoryanın tədbirdə iştirakı oldu.
Bu fakt sübut edir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti forumu məhz fərqli siyasi mövqelərə malik dövlətlərin təhlükəsizlik məsələlərini dialoq və əməkdaşlıq müstəvisində müzakirə edə biləcəyi format kimi təşkil edib.
Digər tərəfdən, Qriqoryanın tədbirdə iştirakı Azərbaycan-Ermənistan münasibətlərinin gələcək təhlükəsizlik gündəliyi baxımından da diqqət çəkir.
Belə ki, ötən ilin avqustunda Vaşinqton razılaşmalarının əldə olunmasından sonra formalaşan reallıqlar yeni çağırışlar formalaşdırıb. Artıq eskalasiya riski ciddi şəkildə azalıb, Bakı və İrəvan arasında delimitasiya, iqtisadi əlaqələr və regional kommunikasiyalar istiqamətində işlər aparılır.
Bu baxımdan Qriqoryanın Bakıdakı Forumda iştirakı münasibətlərin yalnız siyasi liderlər və xarici işlər strukturları səviyyəsində deyil, təhlükəsizlik institutları arasında da yeni kommunikasiya kanallarının yaranması baxımından diqqət çəkir.
Bakıdan dünyaya verilən təhlükəsizlik mesajı
Qeyd etdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin uğurla təşkil etdiyi Bakı Təhlükəsizlik Forumu artıq dördüncü dəfədir keçirilir və hər yeni toplantıda iştirakçı coğrafiyasının genişlənməsi onun davamlı xarakterini göstərir.
Göründüyü kimi, Bakı artıq yalnız beynəlxalq tədbirlərin keçirildiyi şəhər deyil, təhlükəsizlik məsələlərinin birbaşa xüsusi xidmət və təhlükəsizlik qurumlarının iştirakı ilə müzakirə olunduğu platformalardan biridir.
DTX-nin təşkil etdiyi Bakı formatının əsas əhəmiyyəti də məhz bundadır: dünyanın müxtəlif siyasi və coğrafi məkanlarını təmsil edən təhlükəsizlik institutları eyni şəhərdə, eyni gündəlik ətrafında və ortaq təhlükələrə qarşı əməkdaşlıq imkanlarını müzakirə edirlər.
Əminliklə qeyd edə bilərik ki, IV Bakı Təhlükəsizlik Forumu çərçivəsində aparılacaq müzakirələr xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq. Bu isə son nəticədə qlobal miqyasda təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verəcək.
Anar Tahirov, Bizim.Media





























































































