Azərbaycanda evdən işləməklə bağlı qərar verilə bilər – Bu sahələrdə

Hazırda oxunan: Azərbaycanda evdən işləməklə bağlı qərar verilə bilər – Bu sahələrdə

638263

Yollarda vəziyyətin dözülməz həddə çatması, tıxacların artması və ictimai nəqliyyatda sıxlığın yaranması Bakıda hərəkəti iflic vəziyyətinə gətirib.

Bu vəziyyətdə tıxac və sıxlığın azaldılması üçün karantin dövründə olduğu kimi, bəzi şirkətlərin əməkdaşlarının evdən işləməsi ilə bağlı qərar qəbul etmək olarmı? Belə bir addım nə dərəcədə effektli ola bilər və hansı sahələrdə evdən iş rejiminin tətbiqi mümkündür?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan deputat Razi Nurullayevin sözlərinə görə, Bakıda nəqliyyat məsələsi artıq yalnız yollardakı avtomobillərin sayı ilə izah edilə biləcək problem deyil:

“Əhalinin və iş yerlərinin müəyyən saatlarda eyni istiqamətdə hərəkət etməsi, ictimai nəqliyyatda sıxlığın artması və pik saatlarda yollara həddindən artıq yük düşməsi şəhərin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Belə vəziyyətdə karantin dövründə tətbiq olunan evdən iş təcrübəsindən müəyyən formada yenidən istifadə etmək mümkündür. Amma bunu bütün iş yerlərinə şamil etmək nə realdır, nə də məqsədəuyğundur. Burada daha çevik və differensial yanaşma lazımdır. 
 

Məsələn, fəaliyyəti tamamilə elektron şəkildə həyata keçirilə bilən dövlət və özəl qurumlarda, bank, sığorta, İT, konsaltinq, mühasibatlıq, bəzi inzibati və xidmət sahələrində həftənin müəyyən günlərində yaxud işçilərin növbəli qaydada evdən işləməsi tətbiq oluna bilər.


Eyni zamanda, bütün əməkdaşların eyni saatda işə başlayıb eyni vaxtda işdən çıxması əvəzinə, çevik iş saatlarından istifadə etmək də mümkündür”.

Deputat bildirib ki, əsas məqsəd insanları evdə saxlamaq yox, pik saatlarda şəhərin küçələrinə çıxan insanların sayını azaltmaqdır:

“Əgər bir şirkətin 100 əməkdaşından 20-30 nəfərinin müəyyən günlərdə evdən işləməsi mümkündürsə, bu, həmin şirkətin qarşısında yaranan nəqliyyat yükünü müəyyən qədər azaldacaq. Bunu yüzlərlə şirkət və qurum üzrə düşündükdə, şəhər miqyasında müəyyən effekt əldə etmək mümkündür. Amma bunu təkcə evdən işlə həll etmək imkansızdır.

Bakı üçün daha geniş nəqliyyat siyasəti lazımdır. İş və dərs saatlarının mərhələli şəkildə başlanması, ictimai nəqliyyatın pik saatlarda gücləndirilməsi, parklanma siyasətinin təkmilləşdirilməsi, metro və avtobus şəbəkəsinin genişləndirilməsi, şəhərin müxtəlif hissələrində iş yerlərinin daha balanslı yerləşdirilməsi kimi tədbirlər paralel aparılmalıdır.
 

Burada əsas prinsip belə olmalıdır: Bakıdakı tıxacla mübarizə insanın hərəkətini məhdudlaşdırmaq hesabına yox, şəhərdə gündəlik hərəkətin daha ağıllı təşkil olunması yönündə aparılmalıdır. Evdən işləmək də bu alətlərdən biridir.


Xüsusilə pik saatlarda nəqliyyat yükünü azaltmaq məqsədilə müəyyən sahələrdə pilot qaydada tətbiq edilə, nəticələri ölçülə və effekt verdiyi halda genişləndirilə bilər. Əsas məsələ qərarın inzibati şəkildə hamıya tətbiq olunması deyil, real nəqliyyat məlumatları əsasında hansı sahədə, hansı günlərdə və hansı iş rejiminin daha səmərəli olduğunu müəyyənləşdirməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin