2025-ci ildə Azərbaycanda 15 144 nəfərə xərçəng diaqnozu qoyulub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il 8 357 qadında və 6 787 kişidə bədxassəli şiş aşkarlanıb.
Yoluxma halı qadınlarda kişilərdən 23% çox olub. 2024-cü il ilə müqayisədə şiş xəstəliyi diaqnozu qoyulan qadınların sayı 3,8% artıb, kişilərin sayı isə 4,5% azalıb. Rəqəmlərdən göründüyü kimi, xərçəngə yoluxan qadınların sayı artıb, kişilərin sayı isə əksinə geriləyib.
Bunu daha çox dünyada, eləcə də Azərbaycanda süd vəzi xərçənginin geniş yayılması ilə izah edirlər. Digər tərəfdən, mütəxəssislər pis vərdişlərin, yəni siqaret, alkoqol qəbulunun xərçəngin yaranmasına səbəb olduğunu qeyd edirlər. Azərbaycanda isə daha çox kişilər alkoqol və siqaretdən istifadə edir.
Belə olduğu halda xərçəngli qadınların çox olmasının başqa hansı səbəbləri var?
Mövzuya münasibət bildirən tibb elmləri doktoru, professor - həkim Adil Qeybulla Bizim.Media-ya bildirib ki, xərçəng xəstəliyinin 90 faizdən çoxunun yaranma səbəbi ətraf amillərlə, ekoloji amillərə bağlıdır:
“Müəyyən bir faiz isə genetika ilə əlaqəlidir. Orqanizmdə çöküb qalan ağır metallar, digər müxtəlif üzvü birləşmələr, hansılar ki, sərbəst radikallar şəklində hüceyrələrin mutasiyasına, gen dəyişməsinə gətirib çıxarır, bunlar xərçəng xəstəliyinin yaranmasına səbəb olur”.
Həkim qadınlar arasında da spirtli içki qəbul edən, siqaret çəkənlərin çox olduğunu vurğulayıb:
“Qadınlar arasında özəl olaraq süd vəzisi xərçəngi geniş yayılıb. Bu, onlar arasında yoluxmaları önə çıxarır. Qadınlarda genekoloji, uşaqlıq boynu, yumurtalıq xərçəngi, kişilərdə isə prostat xərçəngi ekvivalent ola bilər.
Süd vəzi xərçənginin çox olması qadınları bu sayda önə çıxarır. Digər tərəfdən, qadınlar arasında da siqaret çəkənlərin, alkoqol qəbul edənlərin sayı kifayət qədərdir. Bunu da nəzərə almalıyıq.
Bütün bunlar hamısı kanserogen faktorlardır. Siqaret birmənalı şəkildə xərçəngin inkişafına rəvac verir. Bundan başqa, energetik içkilərin içərisindəki müəyyən komponentlər var ki, bunu da siyahıya əlavə etməliyik”.
Bundan başqa, professor bəzi qidaların xərçəngə səbəb ola biləcəyini istisna etməyib:
“Rəngli içkilər, konservantlar, rafinasiya olunmuş bitki yağları və s. kifayət qədər bu gün marketlərdə bu tip məhsullar var ki, onlar xərçəng şişinin inkişafına gətirib çıxara bilər.
Təəssüflər olsun ki, bu cür qidalar dünyannın əksər ölkələrində var. Bu gün dünyanın istənilən yerində, Avropa ölkələrində belə marketlərə girsək, gələcəkdə xərçəng şişinə gətirib çıxara bilən müxtəlif məhsullar tapmaq mümkündür.
Xüsusilə də əhalinin çox qida qəbul etməsi və az hərəkət etməsi, bədəndə yanma prosesinin tam getməməsi , metobolizmin tam getməməsi, pis vərdişlər, qəlyan, siqaret, plastik qablardan istifadə, havanın daim çirklənməsi, bütün bunlar hamısı xərçəng şişlərinin artmasına gətirib çıxaran amillərdir”.
Günay Şahmar, Bizim.Media





























































































