Azərbaycanda müəllimlər, xaricdə isə uşaqlar “çiçəklənir” – Digər ölkələrdə “Bilik Günü” necə keçirilir?

Hazırda oxunan: Azərbaycanda müəllimlər, xaricdə isə uşaqlar “çiçəklənir” – Digər ölkələrdə “Bilik Günü” necə keçirilir?

636547

Sabah – sentyabrın 15-i Azərbaycanda və dünyanın bir çox ölkəsində Bilik Günüdür. Bu günün dəyişməz ənənələrindən biri isə müəllimləri sözün əsl mənasında “çiçək yağışı”na tutmaqdır. Şagirdlər, əsasən də 1-cilər əllərində böyük buketlərlə məktəbə gəlir, müəllimlərinə gül təqdim edirlər. Həmin gün gül bağçasına dönən sinif otaqlarının ardınca (bir neçə saat, bəzən 1 gün sonra) yol qırağındakı zibil qutuları gül buketləri ilə dolub-daşır.

Hər il də güllərə qarşı belə münasibət, israfçılıq, havaya sovrulan pullar müzakirə mövzusu olur, amma “kimin buketi daha yaxşıdır” yarışına girən valideynlər yorulmur ki, yorulmur.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakı məktəblərində təhsil alacaq şagirdlərin SAYI AÇIQLANDI


Bəs bu gülvermə ənənəsi haradan yaranıb? Adətən daha çox postsovet məkanında rast gəlinən bu ənənə Qərb ölkələrində də varmı?

Ümumilikdə tədris ilinin ilk günündə müəllimləri gül-çiçəyə qərq etmək əsasən postsovet məkanında populyardır. Çünki “Bilik günü”ndə açılış tədbiri keçirmək, uşaqları sıraya düzərək sinif otağına aparmaq modeli sovet dövründə formalaşmış tədbirlər planının bir hissəsidir. Ürəyimizə elə yatıb ki, 35 ildir müstəqillik illərində də qoruyub saxlamışıq, hələ neçə-neçə illər də davam etdirəcəyik. Məsələn, Litva, Latviya və Estoniya İttifaqdan ilk çıxan ölkələrdəndir. Həmişə də sovet rejiminə və Rusiyaya nifrət formalaşdırıb, həmin dövrə aid abidə və heykəlləri yerlə-yeksan edib. Amma buna baxmayaraq, sovetdənqalma gülvermə ənənəsinə hələ sadiqdirlər.

Dünyanın ilk dərs günü ənənələri

Qərbdə isə mənzərə xeyli fərqlidir. Konkret Qərbin əsas siması olan ABŞ-də vahid “Bilik günü” yoxdur. Məktəblərin açılma tarixi ştatlara görə dəyişir. İlk gün daha çox uşağın məktəbə uyğunlaşmasına, müəllimlə tanışlığa və sinif fəaliyyətlərinə həsr olunur.

Britaniyada da konkret “Bilik Günü” bayramı yoxdur. Məktəblərin başlama tarixləri Birləşmiş Krallıqda da dəyişkəndir. İlk gün isə əsasən uşaqlara məktəb qaydaları izah edilir.

Fransada “Bilik Günü” olmasa da “Rentree” (“Qayıdış”) günü var, amma gül-çiçəklə qeyd olunmur. Fərdi olaraq kim istərsə öz uşaqları ilə və ya bir neçə ailə birləşib bu günü qeyd edə bilərlər.

İtaliyada “Primo giorno di scuola” (“Məktəbin ilk günü”) bayram kimi deyil, tədrisin başlanğıc günü kimi qeyd edilir və gül-çiçək qəti yada düşmür.

Çiçək yağışı uşaqların başına yağır

Almaniyada, Türkiyədə və İranda isə maraqlı əks nümunə var. Burada məktəbə ilk dəfə gedən birinci sinif şagirdinin günü çox xüsusi qeyd olunur. Almaniyada uşağa içi şirniyyat, məktəb ləvazimatları və kiçik hədiyyələrlə doldurulmuş böyük konusvari qutu verilir. Türkiyədə “Her çocuk bir fidan”, İranda isə Şükühə (“Çiçəklənmə”) adı altında mərasim keçirilir. Yəni çiçəklər müəllimlərin yox, uşaqların başına yağdırılır.   

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin