Qardaş ölkədə Azərbaycanı “düşmən” görənlər kimlərdi?

Hazırda oxunan: Qardaş ölkədə Azərbaycanı “düşmən” görənlər kimlərdi?

636564

Türkiyədə keçirilən son ictimai rəy sorğusunun nəticələri Azərbaycan–Türkiyə münasibətləri baxımından diqqətçəkən, eyni zamanda ciddi suallar doğuran mənzərə ortaya qoyub.

ASAL araşdırma şirkətinin 26 şəhərdə 2015 nəfərin iştirakı ilə keçirdiyi sorğunun nəticələrinə görə, Türkiyənin dost ölkələri siyahısında Azərbaycan birinci yerdədir.

İlk baxışdan bu nəticə sevindirici görünə bilər. Lakin rəqəmlərin başqa bir tərəfi də var. Sorğuda iştirak edənlərin cəmi 56 faizi Azərbaycanı dost ölkə hesab etdiyini bildirib. Daha diqqətçəkən məqam isə respondentlərin 24,5 faizinin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsidir. Bu isə ciddi suallar və narahatlıq doğurur.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə qardaşlığa qarşı çıxanlara yer olmamalıdır


Yeddi ayda dəyişən mənzərə

Məsələnin narahatedici tərəfi təkcə avqust ayının nəticələri deyil. Əsas problem rəqəmlərin dinamikasıdır. Fevral ayında keçirilən bənzər sorğuda respondentlərin 66 faizi Azərbaycanı dost ölkə hesab edirdi. Azərbaycanı düşmən sayanların göstəricisi isə 20,5 faiz idi.

Cəmi bir neçə ay sonra mənzərə dəyişib. Azərbaycanı dost hesab edənlərin payı 10 faiz bəndi azalaraq 56 faizə, düşmən sayanların payı isə 4 faiz bəndi artaraq 24,5 faizə yüksəlib.


Başqa sözlə, yeddi ay ərzində Azərbaycanı Türkiyənin dostu hesab edənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb, düşmən hesab edənlərin sayı isə artıb.

Bu, sadəcə statistika kimi qəbul edilə biləcək rəqəm deyil. Çünki ictimai rəy boşluqdan, özü-özünə formalaşmır. İnsanların hansı ölkəni dost, hansını düşmən hesab etməsi onların əldə etdiyi informasiya, ötürülən siyasi mesajlar, media materialları və sosial şəbəkələrdə qarşılarına çıxan təbliğatla birbaşa bağlıdır.

24,5 faiz kimlərdir?

Türkiyə cəmiyyətinin təxminən dörddə biri Azərbaycanı niyə düşmən hesab edir?

Həmin şəxslərdən soruşmaq lazımdır:

Azərbaycan Türkiyəyə qarşı nə vaxt düşmənçilik siyasəti yürüdüb? Azərbaycan Türkiyənin milli maraqlarına zidd hansı addımı atıb? Azərbaycan xalqı Türkiyə xalqına qarşı hansı düşmən münasibəti nümayiş etdirib?

Bu sualların heç birinə obyektiv reallığa əsaslanan cavab tapmaq mümkün deyil.

Əksinə, son onilliklərin siyasi mənzərəsi aydın şəkildə göstərir ki, iki ölkə arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Prezidentlər - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı münasibətləri isə dövlətlərarası əlaqələrin qardaşlıq səviyyəsində olduğunu nümayiş etdirir.

Bu cür münasibətlər fonunda Azərbaycanı “düşmən” hesab edənlərin sayının artması təbii olaraq pərdəarxasında başqa oyun oynayanların olduğunu göstərir.

Bu fikir haradan gəlir?

Sözügedən mənzərənin ortaya çıxmasında Türkiyədə fəaliyyət göstərən bəzi media resurslarının xüsusi rolu var. Belə ki bir müddət Türkiyə informasiya məkanında Azərbaycana qarşı sistemli şəkildə mənfi təsəvvür formalaşdırmağa çalışan ayrı-ayrı kampaniyaların, manipulyativ yanaşmaların və birtərəfli təbliğat nümunələrinin artması müşahidə olunurdu.

Nə qədər mənfi tendensiya olsa da, sosial mediada emosional və manipulyativ paylaşımlar real faktlardan daha sürətlə yayılır. Nəticədə informasiya ilə manipulyasiya arasında sərhəd itir. Təəssüflər olsun ki, bir çox insanlar eyni mesajı dəfələrlə gördükdə, müəyyən müddətdən sonra onu reallıq kimi qəbul etməyə başlayır.

Anti-Azərbaycan təbliğatının mənfi nəticələri

ASAL araşdırmanın sorğu nəticələri göstərir ki, Türkiyədə anti-Azərbaycan təbliğatı aparanlar iki qardaş ölkə, xalq arasında etimadı sarsıtmaq üçün ictimai rəyə müəyyən dərəcədə də olsa təsir edə biliblər. Elə ən təhlükəli məqam da budur. Çünki dövlətlərarası münasibətlər yalnız hökumətlərarası, diplomatik əlaqələrdən ibarət deyil. Bu əlaqələrin əsas dayaqlarından biri də xalqların bir-birinə münasibətidir.

Azərbaycan və Türkiyə arasında bu baxımdan formalaşmış böyük, sarsılmaz tarixi bağlar var. Dil, mədəniyyət, tarixi, milli bağlar, istər müharibə, fəlakət, istərsə də sülh dövrlərində qarşılıqlı dəstək iki xalq arasında son dərəcə güclü emosional bağ yaradıb.

Bu bağın hədəf alınması isə yalnız Azərbaycanın deyil, Türkiyənin də milli maraqlarına ziddir. Çünki qardaş ölkəyə qarşı düşmən obrazının formalaşdırılması müəyyən mərhələdən sonra sadəcə media diskursu olaraq qalmır. O, ictimai şüura keçir. Buna görə də sözügedən vəziyyət Azərbaycanı necə narahat edirsə, eyni qaydada Türkiyə cəmiyyətini və hakimiyyətini də narahat etməlidir.

Azərbaycan belə tendensiyaya heç vaxt imkan verməzdi...

Məsələyə başqa tərəfdən baxaq. Təsəvvür edək ki, Azərbaycanda keçirilən ictimai rəy sorğusunda cəmiyyətin təxminən dörddə biri Türkiyəni düşmən dövlət hesab etdiyini bildirir və əvvəlki sorğularla müqayisədə bu göstərici sürətlə artır.

Belə bir nəticə Azərbaycan cəmiyyətində ciddi narahatlıq, ictimai böhran yaradardı. Azərbaycan dövləti də Türkiyəyə qarşı düşmən obrazının formalaşdırılmasına, iki xalq arasında nifaq salınmasına və qardaş ölkəyə qarşı sistemli təbliğata heç vaxt imkan verməzdi.

Vaxtında “dur” deməyin əhəmiyyəti

Keçmişdə Türkiyədə ayrı-ayrı qrupların şəxsi siyasi və iqtisadi maraqları naminə Azərbaycan əleyhinə kampaniyalar apardığı hallar olub. Bəzən bu kampaniyalara lazımi sərtliklə reaksiya verilməyib. Nəticədə müəyyən dairələr üçün Azərbaycan əleyhinə ritorikanın siyasi və ya kommersiya alətinə çevrilməsi imkanları yaranıb.

Bu gün isə məsələ artıq başqa mərhələyə keçə bilər. Əgər bir ölkənin əhalisinin təqribən dörddə biri qardaş ölkəni “düşmən” hesab etdiyini deyirsə, bunun səbəbləri ciddi şəkildə araşdırılmalı, qəti tədbirlər görülməlidir.

Liderlərin münasibəti – iki xalq üçün nümunə

Azərbaycan və Türkiyə liderləri arasında münasibətlərin necə yüksək səviyyədə olduğu göz önündədir. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı münasibətləri iki dövlət arasındakı strateji tərəfdaşlığın və siyasi etimadın mühüm göstəricisidir. Üstəlik, Prezidentlərin çıxışlarında və görüşlərində dəfələrlə vurğulanan qardaşlıq münasibətləri iki ölkənin xarici siyasətində də konkret addımlarla müşayiət olunur.

Bu münasibətlərə baxdıqda Azərbaycanı “düşmən” ölkə kimi təqdim edən tezislərin nə qədər reallıqdan uzaq olduğu daha aydın görünür. Lakin dövlət rəhbərlərinin münasibətləri ilə cəmiyyətin bir hissəsinə təlqin edilən informasiya arasında belə ciddi fərq yaranırsa, burada məqsədli təbliğatın aparıldığı aydın görünür.

Qardaşlığın düşmən obrazına çevrilməsinə imkan vermək olmaz

Azərbaycan–Türkiyə münasibətləri uzun illər ərzində formalaşmış siyasi, tarixi və mənəvi bağlar üzərində qurulub. Bu münasibətlərin arxasında milyonlarla insanın ortaq yaddaşı, mədəniyyəti və bir-birinə verdiyi dəstək, inam dayanır.

Belə bir münasibətə qarşı yönələn istənilən məqsədyönlü təbliğat və manipulyasiya hər iki ölkənin milli maraqlarına ziddir. Ona görə də bu sorğunun nəticələri Azərbaycan və Türkiyə üçün ciddi siqnal kimi qəbul edilməlidir. İnanmaq istərdik ki, Türkiyədə Azərbaycanı düşmən kimi göstərməyə çalışan sistemli informasiya kampaniyalarının doğurduğu mənfi nəticələr daha təhlükəli həddə çatmadan bu prosesin qarşısı alınacaq.

Çünki qardaş ölkədə Azərbaycanı “düşmən” görənlərin sayının artması iki xalqın münasibətlərinə qarşı yönəlmiş təhlükənin indikatorudur. 

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin