Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
Bizim.Media xəbər verir ki, "Azedu.az" təhsil portalının direktoru Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, oxşar yanaşma əvvəllər müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra da müşahidə olunurdu.
O bildirib ki, diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərə daha çox dərs saatının verilməsi, zəif nəticə göstərənlərin dərs yükünün isə azaldılması halları mövcud idi.
Dərs saatı müəllimin aylıq əməkhaqqını müəyyənləşdirən əsas göstəricilərdən biridir. Müəllimin bir stavkadan az və ya çox dərs yükünə malik olması onun qazancına birbaşa təsir edir. Buna görə də dərs bölgüsü yalnız pedaqoji deyil, eyni zamanda sosial və maddi əhəmiyyət daşıyan məsələdir.
"Sertifikatlaşdırma prosesindən sonra da sosial şəbəkələrdə və təhsil ictimaiyyətində aparılan müzakirələri izləyərkən oxşar halların olduğunu müşahidə etdik. Müxtəlif məktəblərdən verilən məlumatlara əsasən, sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərə dərs bölgüsü zamanı müəyyən üstünlük verildiyi, aşağı bal toplayan müəllimlərin isə daha az dərs saatı ilə təmin olunduğu görünür. Lakin bunu bütün məktəblərə aid vahid və məcburi qayda kimi təqdim etmək doğru olmaz".
E. Nuri qeyd edib ki, hazırda dərs bölgüsü, əsasən, məktəbin daxili pedaqoji qərarları, müəllimlərin ixtisası, peşəkarlıq səviyyəsi, siniflərin sayı, tədris planı və mövcud dərs yükü nəzərə alınmaqla həyata keçirilir.
Məktəbdə eyni fənni tədris edən bir neçə müəllim olduğu halda onların göstəricilərinin, təcrübəsinin və fəaliyyət nəticələrinin nəzərə alınması təbiidir. Sertifikatlaşdırma nəticəsi də həmin göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Ancaq bütün dərs bölgüsünün yalnız sertifikatlaşdırma balına əsasən aparılması mübahisəli yanaşmadır.
"Bu məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən konkret və vahid tənzimləyici sənəd qəbul edilsəydi, həmin qaydalara əsaslanaraq hansı addımın doğru, hansının yanlış olduğunu dəqiq şərh etmək mümkün olardı. Belə bir ümumi mexanizm olmadıqda isə məsələ, əsasən, məktəb rəhbərliyinin və pedaqoji şuranın qərarından asılı qalır".
"Hesab edirəm ki, müəllimlər arasında narazılığın və subyektiv yanaşma ilə bağlı şübhələrin yaranmaması üçün dərs bölgüsünün meyarları əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir. Müəllim bilməlidir ki, ona dərs saatı hansı göstəricilərə əsasən verilir və ya hansı səbəbdən azaldılır.
Sertifikatlaşdırma nəticəsi nəzərə alınacaqsa, bunun dərs yükünə hansı formada və nə dərəcədə təsir etdiyi də açıq şəkildə göstərilməlidir. Şəffaf və vahid meyarların müəyyənləşdirilməsi həm məktəb daxilində sağlam iş mühitinin qorunmasına, həm də müəllimlərin hüquqlarının təmin olunmasına xidmət edər”- sonda o vurğulayıb.
Bizim.Media


































































































