Təhsil sistemi “məktəb+repetitor” modelindən uzaqlaşaraq, yalnız məktəb əsaslı öyrənmə modelinə keçid etməyə çalışır, amma...
Son illər Azərbaycanda təhsil sistemində aparılan islahatlar repetitorluq fenomeninin gələcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Mütəxəssislərin fikrincə, formalaşmaqda olan yeni yanaşma repetitorluğun mərhələli şəkildə aradan qalxmasına doğru istiqamətlənib. Bu modelin əsas məqsədi şagirdin əlavə hazırlığa ehtiyac duymadan məktəb daxilində tam və keyfiyyətli təhsil almasını təmin etməkdir. Beləliklə, təhsil sistemi “məktəb+repetitor” modelindən uzaqlaşaraq yalnız məktəb əsaslı öyrənmə modelinə keçid etməyə çalışır.
İslahatların əsas istiqamətlərindən biri məktəbin tədris mərkəzi kimi rolunun gücləndirilməsidir. Yeni yanaşmaya görə, müəllim dərs prosesində yalnız məlumat ötürən deyil, eyni zamanda şagirdin öyrənmə bacarıqlarını formalaşdıran əsas fiqur olmalıdır. Bu isə repetitorluğa ehtiyacın azalmasının başlıca şərtlərindən biri kimi qiymətləndirilir.
Eyni zamanda dərsliklərin yenilənməsi, qiymətləndirmə sistemində aparılan dəyişikliklər və rəqəmsal platformaların tətbiqi şagirdin öyrənmə prosesini məktəb daxilində daha səmərəli etməyə yönəlib.
Mütəxəssislər vurğulayırlar ki, repetitorluğun tam aradan qalxması yalnız məktəbdən asılı deyil. Valideynlərin “əlavə hazırlıq olmadan uğur mümkün deyil” düşüncəsindən uzaqlaşması da vacib şərtlərdən biri kimi ön plana çıxır.
Təhsil sisteminə inamın artması bu prosesin əsas dayaqlarından hesab olunur.
Bizim.Media xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırkı vəziyyəti dəyərləndirdikdə, mövcud qəbul imtahanı modelinə əsasən repetitor fəaliyyətinin yaxın zamanda azalacağını və ya bu istiqamətdə ciddi nəticələrin əldə olunacağını söyləmək çətindir:
“Çünki qəbul imtahanında istifadə olunan fənlərin çoxluğu, eləcə də imtahanın əhatə etdiyi geniş mövzu dairəsi şagirdləri əlavə hazırlığa, yəni repetitorlara yönləndirir. Bu vəziyyət yalnız o halda dəyişə bilər ki, qəbul imtahanının modeli və formatında müəyyən islahatlar həyata keçirilsin. İlk növbədə fənlərin sayı minimallaşdırılmalıdır.
Əgər imtahanlar maksimum üç fənn üzrə təşkil olunsa, bu, repetitorluğa tələbatın müəyyən qədər azalmasına səbəb ola bilər. Digər tərəfdən, imtahan sualları yalnız 10-11-ci sinif proqramını əhatə edərsə və əvvəlki siniflərin mövzuları daxil edilməzsə, bu da repetitorlara müraciətin azalmasına təsir göstərə bilər.
Eyni zamanda qəbul imtahanı beynəlxalq təcrübəyə uyğunlaşdırılarsa, məsələn, müxtəlif standartlaşdırılmış qiymətləndirmə modelləri tətbiq olunarsa, repetitorluğa ehtiyac daha da zəifləyə bilər”.
Onun sözlərinə görə, bununla belə, hazırda repetitorluq təkcə ali təhsil pilləsinə hazırlıqla məhdudlaşmır. Artıq ibtidai təhsil səviyyəsində də valideynlərin repetitorlara müraciəti geniş yayılıb:
“Bu, əsasən valideynlərin uşaqların dərslərinə kömək etməkdə çətinlik çəkməsi ilə bağlıdır. Bir çox valideyn ya kurikulum sisteminə uyğun təhsil almayıb, ya da iş və gündəlik məşğuliyyətlər səbəbindən övladlarının təhsilinə kifayət qədər vaxt ayıra bilmir. Nəticədə, repetitorlar bu boşluğu dolduran əsas vasitəyə çevrilir. Bu tendensiya göstərir ki, məsələ kompleks yanaşma tələb edir və yalnız məktəblə məhdudlaşmır.
Aidiyyəti qurumlar Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və digər strukturlar bu vəziyyəti ciddi şəkildə nəzərdən keçirməlidirlər. Qeyd etmək lazımdır ki, repetitorluq dünyanın bir çox ölkəsində mövcuddur, lakin Azərbaycandakı qədər geniş və sistemli xarakter daşımır. Xarici təcrübədə repetitor daha çox şagirdin konkret istedadının inkişafına yönəlir.
Məsələn, uşaq riyaziyyata meyllidirsə, yalnız bu sahədə əlavə məşğələlərə cəlb olunur və ya incəsənət qabiliyyəti varsa, həmin istiqamətdə inkişaf etdirilir. Azərbaycanda isə əksər hallarda şagirdlər bir neçə fənn üzrə repetitor yanına göndərilir ki, bu da həm maddi, həm də psixoloji yük yaradır”.
E.Əfəndi bildirir ki, bu istiqamətdə son illərdə müəyyən addımlar atılıb:
“Məsələn, məktəblərdə təmayülləşmiş siniflərin yaradılması və şagirdlərin ixtisas qruplarına uyğun təhsil alması təşviq edilir. Bundan əlavə, müəllimlərin iş rejiminin yenidən tənzimlənməsi və məktəb daxilində əlavə hazırlıq saatlarının təşkili kimi təşəbbüslər də müzakirə olunur.
Məqsəd şagirdlərin məktəbdə qalaraq əlavə bilik və bacarıqlar əldə etməsini təmin etməkdir.
Lakin bu tədbirlərin effektivliyi hələ tam özünü göstərməyib. Gözlənilir ki, bu kimi yeniliklərin tətbiqi bir neçə il çəkəcək və yalnız bundan sonra real nəticələr barədə danışmaq mümkün olacaq.
Ümumilikdə, yaxın gələcəkdə repetitorluğun kəskin şəkildə aradan qalxacağı real görünmür. Daha ciddi dəyişikliklər isə ehtimal ki, 2030-cu ildən sonra, milli təhsil strategiyasının tam tətbiqindən sonra müşahidə oluna bilər".
Bizim.Media

































































































