Maliyyə icarəsi müqaviləsinin vaxtından əvvəl ləğvinin mümkün halları müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əks olunub.
Sənədə görə, icarəyə verən maliyyə icarəsi müqaviləsini aşağıdakı hallarda vaxtından əvvəl ləğv edə bilər:
İcarəçinin maliyyə icarəsi obyektindən istifadə şəraiti maliyyə icarəsi müqaviləsinin şərtlərinə və ya maliyyə icarəsi obyektinin təyinatına uyğun olmadıqda;
İcarəçi tərəfindən bu Qanunun 9.2-ci maddəsinin tələbləri pozulduqda;
İcarəçi maliyyə icarəsi obyektini işlək halda saxlamadıqda və bu da onun istismara yararlılıq vəziyyətini pisləşdirdikdə;
Bu Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, icarəçi maliyyə icarəsi ödənişlərini təqvim ili ərzində üç dəfə və ya maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfə ödəmədikdə;
İcarəçi icarəyə verənin bu Qanunun 8.1.1-ci və ya 8.1.2-ci maddələrində nəzərdə tutulmuş tələblərinə əməl etmədikdə;
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallarda;
İcarəçinin sahibkarlıq fəaliyyətinə xitam verildikdə, icarəçi ləğv edildikdə və ya müflis elan olunduqda.
İcarəçi maliyyə icarəsi müqaviləsini bu Qanunun 9.1.3-cü maddəsində nəzərdə tutulan hallarda maliyyə icarəsi obyektini geri qaytarmaqla vaxtından əvvəl ləğv edə və vurulmuş zərərin ödənilməsini icarəyə verəndən tələb edə bilər. Bu zaman icarəçi tərəfindən icarəyə verəndən maliyyə icarəsi ödənişlərinin geri qaytarılması tələb edildikdə maliyyə icarəsi müddəti ərzində maliyyə icarəsi obyektindən icarəçinin əldə etdiyi faydanın ağlabatan dəyəri geri qaytarılan maliyyə icarəsi ödənişlərindən çıxılır.
Maliyyə icarəsi müqaviləsi vaxtından əvvəl ləğv edildiyi halda, icarəyə verən maliyyə icarəsi obyektini digər icarəçiyə təkrar maliyyə icarəsinə verə bilər. Maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsi üzrə satıcının icra olunmamış öhdəlikləri mövcud olduqda icarəyə verən maliyyə icarəsi obyektinin satıcısını yeni icarəçi barədə məlumatlandırmalıdır.
Günay Şahmar, Bizim.Media

































































































