Kürdə suyun səviyyəsi KƏSKİN ARTDI – Daşqın təhlükəsi...

Hazırda oxunan: Kürdə suyun səviyyəsi KƏSKİN ARTDI – Daşqın təhlükəsi...

608615

Son bir aydakı intensiv yağışlar Kür və bəzi dağ çaylarında sululuğu artırıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
 

Məlumatda deyilir ki, Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub.


Bundan əlavə Tərtərçayda su sərfi saniyədə 9, Tutqunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçayda 7, Şəlvəçayda 3 kubmetrdir.

Bəs, builki bol yağıntı və Kürdə suyun səviyyəsinin qalxması daşqın təhlükəsi yarada bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Elm və Təhsil Nazirliyinin Coğrafiya institutunun əməkdaşı, coğrafiya elmlər doktoru, professor Rza Mahmudov bildirib ki, Kür çayında qeydə alınan artım mövsümlə bağlıdır:

“Bu artım hər hansı bir təhlükə yaratmır. Sadəcə bu il çox sulu illər sırasına daxil olacaq. Qar örtüyü barədə Milli Hidrometeorologiya Xidməti ölçü işləri aparıb. Yaxın aylar üçün proqnozlar artıq hazırdır. Bununla belə Kür çayında qeydə alınan artım hər hansı bir daşqına səbəb ola bilməz. Yəni 2010-cu ildəki daşqınlar gözlənilmir. Ən pis halda bəzi ərazilərdə subasmalar ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin