Ukrayna son zamanlar dron istehsalını kəskin artıtıb. Bu da ona müharibədə lazımi hədəfləri vurmaqda ciddi şəkildə kömək edir.
Bu günlərdə Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) elit bölməsinin hərbçiləri dünyada ilk dəfə olaraq suüstü platformadan buraxılmış dron vasitəsilə “Şahed” pilotsuz uçuş aparatını (PUA) vurmağa nail olublar.
Məlumatda bildirilir ki, önləyici dronların yerləşdirilməsi üçün suüstü daşıyıcıların tətbiqi hava təhdidlərinə qarşı mübarizə imkanlarını genişləndirir və Ukrayna şəhərlərinin müdafiəsi üçün əlavə eşelon formalaşdırır.
Bu sahədə Kiyev xüsusən də Böyük Britaniya, Almaniya, Niderland və Danimarka ilə sıx əməkdaşlıq edir. Bu ilin fevralında Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayıb.
Atılan bu addımlar cəhbəyə də öz təsirini göstərir. Rusiya ordusu və bu ölkənin mühüm strateji obyektləri indi daha tez-tez dron zərbələrinə tuş gəlirlər.
Rusiyanın "Voennıy Osvedomitel" telegram kanalı yazır ki, Rusiyanın HHM sistemləri və mobil-operativ qrupları Ukrayna dronlarının kütləviliyinə və zərbələrin davamlılığına tab gətirə bilmir:
“Ya bu sahədə radikal köklü islahatlar həyata keçirilməlidir, ya da Ukraynanın Avropadaki dron istehsalı infrastrukturunu sıradan çıxarılmalıdır. Əks halda ilin sonuna çox böyük problemlərlə üzləşəcəyik".
Ukrayna bunu necə bacardı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ukrayna dronları Rusiya ordusu üçün bir kabusa çevrilib:
“Ukrayna son zamanlar böyük uğurlara imza atır. Bunu xüsusən də ölkənin dron istehsalı sahəsində əldə etdiyi uğurlarda görmək olar. Hazırda Ukrayna dronlarına dünyada ən çox tələbat yaranıb. Kiyev Yaxın Şərqdəki savaş fonunda da özünün 200-ə yaxın dronlarla mübarizə üzrə mütəxəssisini də bölgəyə göndərib.
Ukrayna dronları rus ordusu üçün böyük başağırısı olmaqla yanaşı, onların yerindən tərpənmələrinə imkan vermir. Bu dronlar sanki rus ordusunun kabusuna çevrilib. Ona görə də bu silahlar müharibənin gedişində böyük dəyişikliyə nail olub.
Bütün bunlar isə Ukraynanın müaqavimət gücünün daha da artdığına işarədir:
Nəticədə Ukrayna əvvəllər itirdiyi bəzi əraziləri yenidən öz nəzarətinə qaytarır. Bütün bunları da Kiyev əsasən məhz öz istehsalı olan silahlarla əldə edib. Krasnodar vilayətindəki Tuapse şəhərindəki neft emalı zavodunun vurulması, Sankt-Peterburq ətrafındakı Ust-Luqa limanının fəaliyyətinin dayandırılması Ukrayna hərbi mütəxəssislərinin gücü hesabına baş verib”.
Rüfət Sultan, Bizim.Media





































































































