Böyük Britaniyada parlamentin hər iki palatası siqaret və elektron siqaretlərin satışına ömürlük qadağanı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Bizim.Media BBC-yə istinadla xəbər verir ki, sənədə əsasən, 1 yanvar 2009-cu ildən sonra doğulan vətəndaşlara tütün və elektron siqaret satışı qadağan ediləcək.
Qanun layihəsi yalnız satış qadağası ilə məhdudlaşmır. Sənəd hakimiyyət orqanlarına tütün məmulatlarının, elektron siqaretlərin və nikotin tərkibli məhsulların, o cümlədən onların aromatları və qablaşdırmasının tərkibinə nəzarət etmək səlahiyyəti də verir.
“Bu, epoxal qanun layihəsidir və siqaretsiz nəsil formalaşdıracaq”, — deyə Lordlar Palatasında qadınların sağlamlığı üzrə dövlət katibinin parlament müavini, baronessa Kilian Merron bildirib.
Qanun layihəsi 2023-cü ildə təqdim olunub. Qəbul edildikdən sonra siqaret çəkməyə icazə verilən yaş həddi hər il bir il artırılacaq. Uzunmüddətli perspektivdə isə siqaret satışına qoyulan qadağanın bütün əhaliyə şamil edilməsi planlaşdırılır.
Qeyd edək ki, “Veyp və siqaret haqqında qanun”un qüvvəyə minməsi üçün onu III Karl təsdiqləməlidir.
Məlumat üçün bildirək ki, bənzər qanun noyabr ayında Maldiv adalarında da qüvvəyə minib. Burada 1 yanvar 2007-ci ildən sonra doğulan vətəndaşlara tütün məhsullarının satışı qadağandır.
Ölkənin Səhiyyə Nazirliyi bu addımın əhalinin sağlamlığının qorunması və siqaretlə bağlı xəstəliklərin qarşısının alınmasına yönəldiyini bildirib.
Bizim.Media
































































































