Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir? – ARAŞDIRMA

Hazırda oxunan: Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir? – ARAŞDIRMA

608483

Süfrəmizin ayrılmaz hissəsi olan, gündəlik ərzaq səbətinə daxil olan pomidorun indi quruca adı qalıb. Keçmişdə ətirli, tağının qoxusu üstündə olan pomidorların dadı damağımızda o qədər qalıb ki, son illərdə bazarlarda, marketlərdə satılan dadsız, rəngsiz pomidorlardan haqlı olaraq narazı qalırıq.

Bəs görəsən, pomidorun təbii dadı niyə itib, üstü qırmızı, içi ağ pomidorların artmasının səbəbi istixanalardır, ya idxal olunmuş məhsullar?

Əvvəla onu qeyd edək ki, müasir marketlər dada yox, görünüşə önəm verir. Məhsul daha uzun müddət xarab olmamalı, daşınmaya dözümlü, hətta eyni ölçüdə olmalıdır ki, brend mağazaların vitrinini sözün həqiqi mənasında bəzəsin. İndi yaxşı pomidor tapmaq üçün ya fərdi bağlarda yetişdirilmiş pomidorlar alınmalı, ya da kənd bazarlarına üz tutulmalıdır.

Fermerlər bildirirlər ki, pomidorlar tez-tez tam yetişməmiş halda yaşılkən yığılır və sonradan anbarlarda və ya mağazalarda qalıb yetişir. İstixanalarda iqlim təbii deyil, bu da dadın itməsinə səbəb olur. Hər halda öz mövsümündə, günəşin altında qızaran pomidorla istixana pomidoru eyni deyil.

Bundan başqa əvvəlki köhnə sortlar da azalıb. Əvvəlki yerli, ənənəvi sortları  indi hibrid sortlar əvəzləyib.

Başqa bir iddia da var ki, keyfiyyətli məhsullar xarici bazarlara yönəldilir. Xüsusilə də ad qazanmış yerli sortlar daha çox Rusiya bazarına yönəldilir.

Kənd təsərrüfatı üzrə mütəxəssis, Nəsir Ağalarov məsələ ilə bağlı bildirib ki, əslində şişirdilmiş məlumatdır, amma qismən həqiqət payı var:

“İxrac üçün həqiqətən də ölçüsü bərabər, görünüşü qırmızı, parlaq məhsul seçilir. Hər halda başqa ölkəyə göndərilən məhsullar həm də ölkənin imicidir. Məsələn, Rusiyada Azərbaycan pomidoru əl-əl axtarılır. Deməli, bu və ya digər məhsullar üzrə başqa ölkədə yaxşı qiymətləndirilirik. Amma bu o demək deyil ki, dadlı pamidorların hamısı mütləq xaricə gedir. Hazırda dükan-bazarlarda hər qiymətə, hər sortda olan pomidorlar var, bunlar arasında həm yerli, həm də idxal məhsullaarı olur. Yəni, həm yaxşı, həm də aşağı keyfiyyətli məhsul qarışıq satılır.
 

Qeyd edək ki, Azərbaycana ən çox (2024-2025-ci illər üçün) pomidor Türkmənistandan idxal olunub (75%). Bundan başqa, İran və Gürcüstan da idxal payında böyük yer tutur.


Yerli istehsalda isə Lənkəran, Masallı, Biləsuvar, Saatlı və Sabirabad rayonları üstünlük təşkil edir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin