
A.Nağıyev vurğulayıb ki, İsraildə Azərbaycanın səfirliyinin açılması zəruri idi: "Əvvəllər belə düşünürdülər ki, Azərbaycan İsraildə səfirlik açsa, istər İran, istərsə də digər ərəb dövlətləri buna mənfi yanaşa bilər. Amma düşünmürəm ki, burada hansısa böyük problem var. Çünki bəzi ərəb ölkələrinin də İsraildə səfirlikləri fəaliyyət göstərir. Həmin dövlətlərə İordaniya və Misiri nümunə göstərmək olar. İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, İranın strateji tərəfdaşı olan Ermənistanın da İsraildə səfirliyi var. Hər dövlətin xüsusi xarici siyasəti var və burada dostluq, qardaşlıqdan əvvəl maraqlar gəlir. Bütün bunları nəzərə alaraq bildirmək lazımdır ki, İsraildə Azərbaycan səfirliyinin açılması zəruri idi. Məhz buna görə də belə qərar qəbul olundu. Artıq səfirimiz öz etimadnaməsini İsrail rəhbərliyinə təqdim edib. Düşünürəm ki, bu, iki ölkə arasında tərəfdaşlığı və yaxınlaşmanı daha da yüksəldəcək".

Deputat Rasim Musabəyovun fikrincə, İsraildə səfirliyimizin açılması önəmli addımdır:
"Əslində İsraillə münasibətlərimiz yüksək səviyyədədir, ancaq səfirliyin olmaması münasibətlərin irəliləməsinə müəyyən çətinlik yaradırdı. Nəhayət, səfirliyin açılmasına qərar verildi və bundan sonra əlaqələrimiz daha da inkişaf edəcək. İsrail Azərbaycan üçün əhəmiyyətinə görə ilk sırada olan 5 dövlətdən biridir. Azərbaycanın bu ölkə ilə həm ticarət, həm də hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Səfirimiz əvvəl nazir müavini olub. İsrailə yüksək səviyyəli diplomatın səfir göndərilməsi çox düzgün seçimdir. İran təbii ki, bu məsələyə qısqanclıqla yanaşır. Ancaq səhv edir, çünki Azərbaycan İranın nazı ilə hərəkət etməyəcək".



































































































