Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı ayrıca qanun layihəsi hazırlanıb.
Bizim.Media xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasının gündəliyində “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi yer alıb.
Qanun layihəsi korrupsiya barədə məlumatların verilməsi və araşdırılması qaydasını, həmçinin məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi üzrə tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
Layihəyə əsasən, qanunun tələbləri dövlət və yerli özünüidarəetmə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə, publik hüquqi şəxslərə və büdcə təşkilatlarına, eləcə də digər hüquqi şəxslərə şamil ediləcək.
Qanun layihəsində “məlumat verən şəxs” anlayışına da aydınlıq gətirilir. Belə şəxs əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla təşkilatda işləri və ya xidmətləri yerinə yetirən və həmin fəaliyyət dövründə əldə etdiyi korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumatı səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilatın rəhbərinə, rəhbərdən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edən fiziki şəxs hesab olunur.
Məlumat yazılı, o cümlədən elektron formada, yaxud şifahi şəkildə verilə bilər.
Layihədə məlumat verən şəxslərin müdafiəsinin əsas prinsipləri də müəyyənləşdirilir. Bunlar sırasında məlumat verilməsinin könüllülüyü, məlumat verən şəxsin kimliyinə dair məlumatların konfidensiallığının qorunması, ayrı-seçkiliyə yol verilməməsi və bərabərliyin təmin edilməsi nəzərdə tutulur.
Sənədə əsasən, məlumat verən şəxsin kimliyi yalnız onun yazılı razılığı olduğu halda açıqlana bilər.
Bundan başqa, şəxs əhəmiyyətli yanılmanın təsiri altında məlumat verdikdə belə onun müdafiəsinin təmin olunması nəzərdə tutulur. Layihədə bu yanaşma “vicdanlılıq prezumpsiyası” prinsipi kimi müəyyən edilir.
Məlumat verən şəxslərin peşə və əmək fəaliyyətinə qanunsuz təsirdən və ədalətsiz rəftardan qorunması da əsas prinsiplər sırasına daxil edilir.
Qanun layihəsinin məqsədləri arasında təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və korrupsiya hallarının törədilməsini istisna edən şəraitin yaradılması göstərilir. Layihədə həmçinin korrupsiya barədə məlumatları qəbul edən subyektlərin müstəqilliyi, obyektivliyi və qərəzsizliyi əsas prinsip kimi təsbit olunur.
Günay Şahmar, Bizim.Media
































































































