Dünyadakı zavodlarda fəaliyyət göstərən sənaye robotlarının sayı ilk dəfə 5 milyonu ötüb.
Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Robototexnika Federasiyası məlumat yayıb.
Federasiyanın məlumatına görə, bir il ərzində işlək vəziyyətdə olan sənaye robotlarının sayı 9% artıb. Yeni quraşdırılan robotların sayı isə 11% artaraq 600 mini keçib.
Çin qlobal bazarda lider mövqeyini qoruyub. Ölkədə bir il ərzində quraşdırılan robotların sayı 20% artaraq 354 minə çatıb. Bu, dünyadakı yeni quraşdırmaların 59%-ni təşkil edir. Eyni zamanda, Çin istehsalçıları ölkənin daxili robot bazarının 55%-nə sahibdir.
ABŞ-da sənaye robotlarının quraşdırılması 12% artaraq 38 500-ə çatıb və ölkə ikinci pilləyə yüksəlib. Yaponiya isə göstəricinin 19% azalaraq 36 219-a düşməsindən sonra üçüncü sıraya enib.
Cənubi Koreyada 30 200, Almaniyada isə 24 800 sənaye robotu quraşdırılıb.
Hindistanda yeni quraşdırmaların sayı 15% artaraq 10 500-ə çatıb. Avropada isə Almaniyanın payına Avropa İttifaqında quraşdırılan yeni sənaye robotlarının 41%-i düşüb.
Proqnozlara görə, bu il dünyada quraşdırılan sənaye robotlarının sayı 655 minə çatacaq. 2029-cu ilədək isə bu göstəricinin 806 minə yüksələcəyi gözlənilir.
Bizim.Media


































































































