Fransanın Kanakidə (Yeni Kaledoniya) həyata keçirdiyi neokolonializm siyasəti artıq regional siyasi böhran olmaqdan çıxaraq, beynəlxalq səviyyədə narahatlığa səbəb olan hüquqi və humanitar problemə çevrilib.
MÖVZU İLƏ BAĞLI:
BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir
BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Fransaya ünvanladığı son xəbərdarlıq da məhz bu reallığın beynəlxalq səviyyədə açıq şəkildə etirafı oldu. Belə ki, Komitə Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun təhlükə altına düşdüyünü, xüsusilə də seçici korpusunun kənardan adaya köçürülən şəxslər hesabına dəyişdirilməsi cəhdlərinin ciddi narahatlıq doğurduğunu bəyan etdi.
Bu xəbərdarlıq əslində uzun müddətdir Kanak xalqının, eləcə də beynəlxalq platformalarda məsələni gündəmdə saxlayan Bakı Təşəbbüs Qrupunun irəli sürdüyü narahatlıqların beynəlxalq səviyyədə təsdiqidir.
Kanak xalqının iradəsi olmadan heç bir qərar legitim deyil
Bakı Təşəbbüs Qrupunun bəyanatında xüsusi vurğulanır ki, Kanaki ilə bağlı hər hansı siyasi və inzibati dəyişiklik Kanak xalqının razılığı olmadan həyata keçirilə bilməz. Bu mövqe yalnız siyasi çağırış deyil, beynəlxalq hüququn fundamental prinsipinin tələbidir.
Əslində BMT Komitəsinin son hesabatı da məhz bu həqiqəti təsdiqləyir. Çünki dekolonizasiya prosesi yerli xalqların kollektiv hüquqlarının tanınmasına əsaslanan beynəlxalq hüquqi öhdəlikdir. Kanak xalqının iradəsini nəzərə almadan qəbul edilən hər hansı qərar isə bu hüququn birbaşa pozulması deməkdir.
Fransa isə uzun illərdir Kanak məsələsinə təhlükəsizlik və inzibati nəzarət prizmasından yanaşaraq problemin əsas mahiyyətini ört-basdır etməyə çalışır. Halbuki məsələ hüquqi və tarixi məsuliyyətdən qaynaqlanır. 1853-cü ildə III Napoleonun adanı işğal etməsindən sonra Kanaki faktiki olaraq Fransa müstəmləkəsinə çevrilib və bu kolonial model müxtəlif formalarda bu gün də davam edir.
Fransa Numea sazişini necə pozdu?
1998-ci ildə imzalanmış Numea sazişi Kanak xalqının hüquqlarının tanınması istiqamətində mühüm mərhələ hesab olunurdu. Həmin saziş Kanak kimliyinin tanınması, daha geniş muxtariyyət imkanlarının yaradılması və xalqın öz siyasi gələcəyini müəyyən etməsi üçün hüquqi-siyasi çərçivə formalaşdırmışdı.
Sazişin əsas mahiyyəti ondan ibarət idi ki, Kanak xalqının demoqrafik və siyasi çəkisi süni şəkildə dəyişdirilməsin. Məhz buna görə də seçki hüququ müəyyən məhdudiyyətlərlə tənzimlənirdi. Lakin Emmanuel Makron hakimiyyəti dövründə Paris bu tarazlığı pozmağa başladı. Fransa Senatı və Milli Assambleyası tərəfindən Kanakidə on ildən artıq yaşayan şəxslərə seçki hüququ verilməsi ilə bağlı addımlar atıldı. Bu Kanak xalqı tərəfindən haqlı olaraq, açıq şəkildə kolonial müdaxilə kimi qiymətləndirildi.
Çünki adaya illərlə köçürülmüş gəlmələrin seçici siyahısına daxil edilməsi Kanak xalqının siyasi iradəsini zəiflətmək məqsədi daşıyırdı. Bu isə təkcə seçki texnologiyası deyil, demoqrafik balansın dəyişdirilməsi və dekolonizasiya prosesinin nəticələrinin süni şəkildə təhrif olunması cəhdidir.
BTQ-nin bəyanatında məhz bu təhlükəyə diqqət çəkilir və vurğulanır ki, Kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə qəbuledilməzdir.
2024-cü ilin qanlı mayı və zorakılıq siyasəti
Makron administrasiyasının bu siyasəti 2024-cü ilin mayında Kanakidə genişmiqyaslı etirazlara səbəb oldu. Minlərlə insan Fransanın seçki islahatına qarşı küçələrə çıxdı. Lakin Paris dialoq yolunu deyil, güc tətbiqini seçdi.
15 may tarixində fövqəladə vəziyyət elan edildi, adaya əlavə qüvvələr, üsusilə elit jandarm bölmələri (GİGN) göndərildi. Nəticədə hüquq-mühafizə orqanlarının zorakı davranışları nəticəsində 13 nəfər həyatını itirdi, 100-lərlə insan yaralandı, həbs olundu, çox sayda infrastruktur obyektləri dağıdıldı. Digər tərəfdən, Fransanın hərbi vəziyyət rejimi nədənsə adadakı Avropa mənşəli şəxslərə aid edilmədi. Ona görə də, silahlı milislər də hüquq-mühafizə orqanları ilə birlikdə kanaklara qarşı hücuma keçdilər.
Məhz bu səbəbdən BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi də təhlükəsizlik qüvvələri tərəfindən qeyri-mütənasib güc tətbiqi və ölümcül zorakılıq halları ilə bağlı iddiaların müstəqil, şəffaf və effektiv şəkildə araşdırılmasını tələb edib.
Dinc etirazçılara silahlı düşmən kimi yanaşmaq cəhdi
Ən ciddi narahatlıqlardan biri isə Fransanın elit jandarm bölməsi olan GIGN-in Kanakiyə göndərilməsi ilə bağlıdır. Adətən terrorla mübarizə və girovların azad edilməsi kimi xüsusi əməliyyatlarda istifadə edilən bu qüvvələrin mülki etirazların yatırılması üçün cəlb olunması Parisin məsələyə artıq siyasi deyil, hərbi təhlükə kimi yanaşdığını göstərir.
BTQ-nin BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim etdiyi alternativ hesabatda da bu məqam xüsusi vurğulanmışdı. Hesabatda GIGN qüvvələrinin iştirakı fonunda həddindən artıq güc tətbiqi, eskalasiyanın səbəblərinin araşdırılması, ifadə azadlığının və dinc toplaşmaq hüququnun qorunması kimi məsələlər qaldırılmışdı.
Kanak fəallarının Fransaya sürgünü
Etirazlar fonunda Fransanın repressiv siyasəti yalnız küçə aksiyalarının dağıdılması ilə məhdudlaşmadı. Müstəqillik tərəfdarı fəallar və insan hüquqları müdafiəçiləri həbs edilərək Fransanın Avropa ərazisindəki həbsxanalarına aparıldı.
Ərazilərin Koordinasiyası Şəbəkəsinin lideri Kristian Tein də daxil olmaqla bir sıra fəalların adadan uzaqlaşdırılması Kanak cəmiyyətində ciddi etiraz doğurdu. Bu addım yerli əhalinin siyasi müqavimət potensialını zəiflətmək və hərəkatın liderlərini təcrid etmək cəhdi idi.
BMT səviyyəsində də bu məsələ ilə bağlı narahatlıqlar ifadə edilib. Çünki fəalların razılıqları olmadan minlərlə kilometr uzaqlığa aparılması həm hüquqi, həm də humanitar baxımdan ciddi suallar yaradır.
Müasir dövrdə davam edən orta əsr rəzaləti
Fransanın Kanak xalqını nəzərə almadan həyata keçirdiyi təşəbbüslər əslində müasir dövrdə davam edən neokolonial idarəçilik modelinin klassik nümunəsidir. Paris bir tərəfdən “demokratiya” və “insan hüquqları” şüarları səsləndirir, digər tərəfdən isə Kanak xalqının siyasi iradəsini zəiflətməyə çalışır.
Halbuki Kanakinin gələcəyi Paris kabinetlərində qapalı danışıqlarla müəyyən edilə bilməz. Bu gələcək yalnız Kanak xalqının real, bərabər və səmərəli iştirakı ilə formalaşa bilər.
BTQ-nin qaldırdığı problemlər BMT sənədlərində
Məhz bu baxımdan BMT Komitəsinin son xəbərdarlığı xüsusi əhəmiyyət daşıyır. Çünki BTQ-nin beynəlxalq platformalarda qaldırdığı məsələlərin böyük hissəsi artıq BMT sənədlərində öz əksini tapır. Seçici korpusunun dəyişdirilməsi cəhdləri, qeyri-mütənasib güc tətbiqi, GIGN-in fəaliyyəti, fəalların Fransaya aparılması, ifadə azadlığı və dekolonizasiya prosesinin pozulması ilə bağlı narahatlıqların beynəlxalq hüquq mexanizmləri səviyyəsində tanınması göstərir ki, Kanak məsələsi artıq Fransanın “daxili işi” kimi qəbul edilmir.
Bu isə Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin real nəticə verdiyinin göstəricisidir. İllərlə Qərb siyasi dairələrinin informasiya blokadası altında saxlanılan Kanak xalqının səsi artıq beynəlxalq təşkilatların rəsmi sənədlərində əks olunur.
Qeyd olunan faktlar təsdiqləyir ki, Bakı Təşəbbüs Qrupunun ortaya qoyduğu arqumentlər konkret faktlara və beynəlxalq hüquqa söykənən reallıqlardır. Bu, həm də Fransanın “azadlıq”, “bərabərlik” və “insan hüquqları” şüarlarının arxasında gizlənən neokolonial mahiyyətinin ifşasıdır.
Fransa kolonializminin son baharı
Bütün bunlara baxmayaraq, Fransa hələ də köhnə imperiya təfəkkürü ilə hərəkət edir. Kanak xalqının siyasi iradəsini sındırmaq üçün seçici korpusunu dəyişmək, etirazları silahla boğmaq, fəalları minlərlə kilometr uzaqda yerləşən həbsxanalara göndərmək XXI əsrdə “demokratiya” iddiası ilə çıxış edən dövlət üçün ağır siyasi və mənəvi iflasdır. Əslində Kanakidə baş verənlər müasir dünyanın gözü qarşısında davam edən orta əsr müstəmləkəçiliyinin yeni formasıdır.
Bu gün Kanak xalqının mübarizəsi yalnız bir adanın azadlıq savaşı deyil. Bu, beynəlxalq hüququn, dekolonizasiya prinsiplərinin və xalqların öz müqəddəratını təyinetmə haqqının müdafiəsi uğrunda mübarizədir.
Bu mübarizədə kanakların ədalətli nəticə qazanması isə dünyada orta əsrlərin son iyrənc miraslarından biri - kolonializmə vurulan tarixi zərbə olacaq...
Anar Tahirov, Bizim.Media-nın baş redaktoru



































































































