Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Antalyada başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) və Liderlər Sammitinin təhlükəsizliyinin təmin edilməsi üçün 26 min əməkdaşın vəzifəyə cəlb olunduğunu bildirib.
Bizim.Media xəbər verir ki, nazir yazılı açıqlamasında noyabrın 20-dək davam edəcək konfransla bağlı hazırlıqların başa çatdığını bildirib.
Çiftçi tədbirdə təxminən 100 dövlət və hökumət başçısının, 200-dən çox nazirin və 20 min nümayəndənin iştirakının gözlənildiyini qeyd edib. Gündəlik ziyarətçilərin sayının isə 100 min nəfər olacağı proqnozlaşdırılır.
Nazirin sözlərinə görə, bir milyon kvadratmetr ərazini əhatə edən konfrans məkanında üçmərhələli təhlükəsizlik planı quru, dəniz və hava qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti əsasında həyata keçiriləcək.
Bu çərçivədə 1 400 xüsusi təyinatlı, 3 298 yol polisi və 160 kəşfiyyat əməkdaşı, eləcə də aviasiya personalı sutka ərzində xidmət aparacaq.
Çiftçi nümayəndə heyətlərinin yerləşəcəyi məkanlarda, konfrans ərazisində və ətrafında, həmçinin nəqliyyat marşrutlarında təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib. Hava limanında, avtomobil və dəniz yollarında nəzarətin də əlaqələndirilmiş şəkildə davam etdiriləcəyini vurğulayıb.
Dəniz təhlükəsizliyinin təmin edilməsi üçün 215 Sahil Mühafizəsi əməkdaşının vəzifəyə cəlb olunduğunu bildirən nazir, bir korvet, bir helikopter və Sahil Mühafizəsinin katerləri ilə yanaşı, Dalğıc, Təhlükəsizlik və Axtarış-Xilasetmə (DEGAK) qruplarının, eləcə də Sahil Mühafizəsinin Mobil Radar (MORAD) qruplarının da xidmət göstərəcəyini qeyd edib.
Çiftçi mümkün fəlakət və fövqəladə hallara qarşı 850 axtarış-xilasetmə əməkdaşının, 110 təcili tibbi yardım avtomobilinin, 300 tibb işçisinin, 21 mobil Milli Tibbi Xilasetmə Qrupunun (UMKE) və 365 kimyəvi, bioloji, radioloji və nüvə təhlükələrinə qarşı (KBRN) cihazın hazır vəziyyətdə saxlanılacağını bildirib.
“Əsas prioritetimiz Antalyada yaşayan vətəndaşlarımızın gündəlik həyatına mane olmadan qonaqlarımızın təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməkdir”, – deyə nazir vurğulayıb.
Bizim.Media




































































































