Dünyanın ən gözəl, tarixi, mənzərəli ölkələrindən olan İtaliyada yaşamaq çoxlarının arzusudur. Amma orada nəinki yaşamaq, turist kimi səyahət etmək belə baha başa gəldiyindən bu arzunu boğmaq məcburiyyətində qalırlar. Lakin bu məsələdə İtaliya özü köməyə gəlib. On il ərzində kirayə haqqı ödəmədən bir evdə yaşamaq olarmış.
Belə ki, ölkənin cənubundakı Kalabriya bölgəsi 26 müxtəlif şəhər və kənddə yerləşən 50 evi pulsuz təklif edir. Üstəlik, səlahiyyətli orqanlar bu evləri dövlət hesabına təmir etməyi öhdələrinə götürüblər. Bu evlərdən bəzilərinin sahəsi 140 kvadratmetrə qədər çatır.
Lakin bu təklif hər kəs üçün nəzərdə tutulmayıb. "Ripopola Calabria" ("Kalabriyada əhalini bərpa et") adlanan bu təşəbbüs, Cənubi İtaliyanın kiçik şəhər və kəndlərində əhali sayının azalması problemi ilə mübarizə aparmağı hədəfləyir.
Kalabriya İtaliya yarımadasının ən ucqar nöqtəsində yerləşir. Bölgə özünün mənzərəli sahil xətti, dağlıq landşaftları, tarixi şəhərləri və nisbətən sakit həyat tərzi ilə tanınır. Bununla belə, bu yaşayış məntəqələrinin bir çoxu sakinlərin kütləvi şəkildə köçüb getməsi problemi ilə üz-üzədir. Gənclər daha böyük şəhərlərə üz tuturlar, nəticədə evlər getdikcə daha çox boş qalır. Bu tendensiyanı dəyişmək üçün regional hakimiyyət orqanları yeni gələnlərə bu evlərdə uzun müddət məskunlaşmaq imkanı yaratmaq qərarına gəliblər.
Proqram təkcə yerli sakinlər üçün nəzərdə tutulmayıb, xarici vətəndaşlar da gələ bilər. Bir şərtlə ki, gənclər olsun və təklif olunan evlərdə daimi yaşasınlar. Xüsusilə, uşaqlı ailələr, gənc cütlüklər və məsafədən (distant) işləyən şəxslərin seçilmə şansı daha yüksək ola bilər.
Bununla hakimiyyət orqanları yalnız pulsuz mənzildən yararlanmaq istəyənləri deyil, regionda uzunmüddətli məskunlaşacaq və yerli iqtisadiyyata töhfə verəcək insanları cəlb etməyə ümid edirlər.
Bizim.Media


































































































