Türkiyənin ilk dəfə ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) 6 qitədən iştirak gözlənilir. Konfransda 95 ölkənin lideri və 7 beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunacaq.
Bizim.Media xəbər verir ki, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin yaydığı məlumata görə, noyabrın 9-20-də Antalyada keçiriləcək sammit BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olan 196 ölkəni və Avropa İttifaqını bir araya gətirəcək.
COP31-də 95 ölkənin lideri ilə yanaşı, 7 beynəlxalq təşkilat da rəhbər səviyyəsində iştirak edəcəyini bildirib. Bu liderlərdən 37-si dövlət başçısı, 35-i hökumət başçısı, 8-i dövlət başçısının müavini, 7-si baş nazirin müavini, 2-si vəliəhd şahzadə, 1-i şahzadə, 1-i parlament sədri, 4-ü isə xüsusi nümayəndədir.
Avropa Komissiyası, BMT, BMT Baş Assambleyası, Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Enerji Agentliyi də sammitdə rəhbər səviyyəsində iştirak edəcəklərini bildiriblər.
COP31-də Avstriya, Böyük Britaniya, Bosniya və Herseqovina (2 nəfər), Bolqarıstan, Finlandiya, Cənubi Kipr Rum Administrasiyası, Niderland, İspaniya, İsveç, İtaliya, Monteneqro, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Lixtenşteyn, Malta, Moldova, Norveç, Rusiya Federasiyası, Sloveniya və Ukraynadan iştirak gözlənilir.
Afrika qitəsindən Botsvana, Burundi, Əlcəzair, Esvatini, Efiopiya, Fil Dişi Sahili, Qabon, Qvineya-Bisau, Komor adaları, Konqo, Konqo Demokratik Respublikası, Lesoto, Liviya, Madaqaskar, Mali, Mavritaniya, Mozambik, Ruanda, Seyşel adaları, Somali (3 nəfər), Sudan, Tanzaniya, Toqo və Zimbabve təmsil olunacaq.
Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycan (2 nəfər), Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin, İndoneziya, Ermənistan, Fələstin, Cənubi Koreya, Gürcüstan, İraq, İraq Kürd Regional Administrasiyası, İran (2 nəfər), Qətər (2 nəfər), Qazaxıstan (2 nəfər), Qırğızıstan, Küveyt, Livan, Maldiv adaları, Malayziya, Özbəkistan, Pakistan, Suriya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistandan iştirak olacaq.
Amerika qitəsindən Boliviya, Braziliya, Qayana, Venesuela (2 nəfər), Antiqua və Barbuda, Baham adaları, Barbados, Sent-Kits və Nevis, Sent-Lusiya, Okeaniya regionundan isə Avstraliya, Kiribati, Marşall adaları, Mikroneziya, Niue, Palau, Solomon adaları, Tonqa və Tuvalu konfransda təmsil olunacaq.
COP (Conference of the Parties – Tərəflər Konfransı) 1992-ci ildə qəbul edilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ali qərarverici orqanı hesab olunur. Konvensiyaya tərəf olan bütün dövlətlər COP-da təmsil edilir.
Tərəflər illik sessiyalarda Konvensiyanın və müvafiq hüquqi sənədlərin icrasını nəzərdən keçirir, qlobal irəliləyişi qiymətləndirir və iqlim dəyişikliyinə qarşı səmərəli, əlaqələndirilmiş tədbirləri təşviq etmək üçün zəruri qərarlar qəbul edirlər.
COP-da qərarlar səs çoxluğu ilə deyil, bütün üzv ölkələrin yekdil razılığı ilə qəbul edilir. Konfransda 196 ölkə və Avropa İttifaqı təmsil olunur.
COP-un əsas funksiyalarından biri tərəflərin təqdim etdiyi milli hesabatları və istixana qazları emissiyalarının inventarlarını araşdırmaqdır.
İllər ərzində COP sessiyaları Kioto Protokolu və Paris Sazişi də daxil olmaqla, qlobal iqlim fəaliyyətində mühüm dönüş nöqtələrinin yaranmasına səbəb olub və beynəlxalq iqlim siyasətinin istiqamətini formalaşdırıb.
COP31-də Türkiyə ev sahibliyi və konfransın sədrliyi funksiyalarını, Avstraliya isə danışıqlara rəhbərlik vəzifəsini həyata keçirəcək.
Tərəflər arasında müzakirələrin iqlim maliyyələşdirilməsi, ədalətli keçid, iqlim dəyişikliyinə uyğunlaşma və emissiyaların azaldılması məsələləri ətrafında cəmləşəcəyi gözlənilir.
Qlobal temperatur artımının sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə ilə məhdudlaşdırılması məqsədinə nail olmaq üçün tələb olunan iqlim maliyyələşdirilməsi əvvəlki COP sammitlərində olduğu kimi, COP31 danışıqlarının da əsas prioritetlərindən biri olacaq.
Türkiyə ilk dəfə COP tədbirinə ev sahibliyi edir. Prezidentin müvafiq sərəncamına əsasən, COP31-ə Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum sədrlik edir.
Türkiyə COP31-ə ev sahibliyi missiyasını yalnız danışıqlar təqviminin idarə olunmasını nəzərdə tutan texniki proses kimi qiymətləndirmir.
Ölkə indiyədək COP proseslərində qəbul edilmiş qərarların və müəyyənləşdirilmiş hədəflərin konkret addımlara çevrilməsi üçün birgə səylərə əhəmiyyət verir. Türkiyə COP31-in qlobal miqyasda davamlı təsirlər yarada biləcək platforma kimi güclənməsinə töhfə vermək istəyir.
Bu səbəbdən Türkiyənin COP31 strategiyası “dialoq”, “konsensus” və “fəaliyyət” prinsiplərinə əsaslanan “İcra COP-u” kimi müəyyən edilib.
Bizim.Media



































































































