Ukraynanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları (PUA) ilə hücumları davam edərkən Rusiyanın müxtəlif bölgələrində benzin və dizel yanacağının satışına yenidən məhdudiyyətlər qoyulub.
Bizim.Media xəbər verir ki, Kareliya Respublikasının rəhbəri Artur Parfençikov sosial şəbəkə hesabında yaydığı açıqlamada Rusiyanın “Rosneft” neft şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində yanacaq satışının müvəqqəti məhdudlaşdırıldığını bildirib.
Parfençikovun sözlərinə görə, şəhərlərdə hər avtomobilə maksimum 30 litr, şəhərlərarası yollarda isə 50 litr benzin satılmasına icazə veriləcək. Dizel yanacağının satışı da 50 litrlə, ağır yük avtomobilləri üçün isə 200 litrlə məhdudlaşdırılıb.
O, kanistrlə yanacaq satışının da dayandırıldığını qeyd edib. Parfençikov bildirib ki, bu tədbirlər həddindən artıq tələbatın qarşısını almaq və yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin fasiləsiz davam etməsini təmin etmək məqsədilə həyata keçirilir.
Buryatiya Respublikası hökumətinin yaydığı açıqlamada da “Rosneft” yanacaqdoldurma məntəqələrində oxşar məhdudiyyətlərin tətbiqinə başlanıldığı bildirilib.
Zabaykalye diyarının İqtisadi İnkişaf Nazirliyi isə “Rosneft”in ölkə üzrə yanacaqdoldurma məntəqələrində satışa məhdudiyyətlər qoyduğunu açıqlayıb.
Rusiyanın Arxangelsk, Penza, Nijni Novqorod və Krasnoyarsk bölgələrində də yanacaq satışına məhdudiyyətlər tətbiq edildiyi barədə məlumatlar mətbuatda yayılıb.
Son dövrlərdə Ukraynanın Rusiyadakı neft emalı zavodlarına PUA hücumlarını artırmasından sonra ölkədə yanacaq təchizatı ilə bağlı problemlər yenidən gündəmə gəlib.
Rusiyada yay aylarında da oxşar problemlər yaşanıb. Hökumət daxili bazarda yanacaq təchizatını qorumaq məqsədilə benzin və dizel yanacağının ixracına məhdudiyyətlər tətbiq etmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:22 / 09.11.2026
Rusiyada yanacaq satışına yenidən məhdudiyyətlər qoyuldu
Hazırda oxunan: Rusiyada yanacaq satışına yenidən məhdudiyyətlər qoyuldu
Hazırda oxunan: Rusiyada yanacaq satışına yenidən məhdudiyyətlər qoyuldu
646852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































