Payız öz gəlişi ilə təkcə gözəl, qızılı mənzərə, romantik atmosfer, narın poetik yağış gətirmir. Payız, şair demiş “sümüklərin sızıldayan mövsümüdür”…
Elə ki payız gəldi, bədənin oynaqları üsyana qalxır. Çox insan konpleks müalicəylə, bəziləri isə kollagenlə oynaqlarının əvvəlki oynaqlığını bərpa edəcəklərini düşünür. Amma həkimlər bildirirlər ki, reklamların iddia etdiyi kimi bərpa edə bilməz; oynaq xəstəliklərinin həm qarşısının alınmasında, həm də müalicəsində fiziki aktivlik ən vacib amil olaraq qalır. Kollagen orqanizmə daxil olduqda, birbaşa oynaqlara gedib onları bərpa etmir.
Həzm sistemində o, daha sadə birləşmələrə – dipeptidlərə, tripeptidlərə və sərbəst amin turşularına parçalanır. Orqanizm daha sonra bu komponentlərdən ehtiyac duyduqca yeni zülallar sintez edir. Nəticədə, ilkin kollagenin 1%-dən az hissəsi oynaqlara çatır.
Revmatoloq Olesya Detoçenko artrozla artriti necə fərqləndirməli, payızda ağrılar niyə şiddətlənə bilər və hansı müalicə üsullarına diqqət yetirməyə dəyər – bu suallara aydınlıq gətirir.
"Atmosfer təzyiqinin aşağı düşməsi oynaq kapsulunda – hansı ki, ağrıya qarşı həssasdır – genişlənmə hissi yarada bilər. Temperaturun enməsi qan damarlarının daralmasına və qan dövranının pozulmasına səbəb olur. Soyuq havada əzələlər gərginləşməyə meylli olur, bu da hərəkət məhdudiyyətinə (sərtliyə) gətirib çıxarır".
Həmçinin hesab edilir ki, yüksək rütubət orqanizmdə iltihabi prosesləri bir qədər gücləndirə bilər. Özünü pis hiss etməyin digər bir səbəbi isə soyuq aylarda fiziki aktivliyin azalmasıdır.
"Orqanizmimiz hərəkət üçün nəzərdə tutulub; insan daha az gəzməyə başlayan kimi hərəkət məhdudiyyəti artır", – deyə Detoçenko qeyd edib.
Bundan əlavə, soyuq mövsümdə tənəffüs yollarının virus infeksiyalarına yoluxma riski artır ki, bu da öz növbəsində oynaq və əzələ ağrıları ilə müşayiət oluna bilər.
Artroz və artrit: Fərq nədədir?
Oynaq xəstəlikləri arasında oynaq səthlərinin yeyilməsi və aşınması ilə xarakterizə olunan degenerativ xəstəliklər, eləcə də yaşdan asılı olmayaraq yarana bilən iltihabi xəstəliklər mövcuddur. Artroz və artrit ən çox rast gəlinən xəstəliklər sırasındadır.
Revmatoloqun sözlərinə görə, artroz zamanı səhərlər müşahidə olunan hərəkət məhdudiyyəti adətən yüngül olur, ağrılar isə fiziki yüklənmədən sonra şiddətlənir. Bir qayda olaraq, bu xəstəlikdən əziyyət çəkən oynaqlar istiyə daha yaxşı reaksiya verir.
Artroz dünyada ən geniş yayılmış oynaq xəstəliyidir.
Artritdə isə vəziyyət fərqlidir. Ağrı insanı gecə yuxudan oyada bilər, səhərki hərəkət məhdudiyyəti isə ən azı 30 dəqiqə davam edə bilər. Xəstəliyin yaranma ehtimalına həyat tərzi, fiziki aktivlik səviyyəsi, artıq çəki və genetik meyllilik təsir göstərir. Əgər bir qadının anasında və ya nənəsində əllərdə artrit düyünləri olubsa, həmin qadında da bu xəstəliyin inkişaf riski artır.
Müntəzəm fiziki aktivlik oynaqların hərəkətliliyini qorumağa kömək edir. Bura oynaqlar üçün xüsusi məşqlər, gimnastika və ya idman növləri daxil ola bilər.
Şəfiqə Şəfa, Bizim.Media



































































































