“Dəhşətli hadisələr baş verir. Həlak olan hərbçilərin siyahıları barədə çox danışılıb. “Zinapa” fondunda 44 günlük müharibədə həlak olan bütün hərbçilərimizin adları yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentində “Ermənistan” fraksiyasının deputatı Geğam Manukyan avqustun 10-da bildirib.
Manukyan qeyd edib ki, 2022-ci il sentyabrın 13-14-də həlak olan hərbçilərin də hamısının adları açıqlanmayıb. Onun sözlərinə görə, ötən il “Zinuj” proqramına baxarkən də sentyabrın 13-də yayımlanan verilişin heç bir yerində üç il əvvəl Ermənistan Silahlı Qüvvələrinin 264 hərbçisinin həlak olması barədə məlumat verilməyib.
Deputat bildirib ki, 2023-cü il sentyabrın 19-20-də həlak olan Qarabağ Müdafiə Ordusunun (qondarma - red.) hərbçilərinin adları Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilsə də, sənədlərə “məxfi” qrifi qoyulub və bu səbəbdən həmin adları ayrı-ayrılıqda açıqlamaq mümkün olmayıb. Onun sözlərinə görə, hazırda “Zinapa”da bəzi şəxslərin bioqrafiyaları yerləşdirilib, lakin onların hamısı barədə məlumat yoxdur.
Manukyan son dövrlərdə hərbçilərin ölümü ilə bağlı vəziyyətin daha da ağırlaşdığını vurğulayıb:
“Erməni mətbuatında həmişə qızıl qayda olub: Müdafiə Nazirliyi hərbçinin ölümünü açıqlamayana qədər heç birimizin onun orduda həlak olması barədə məlumat yaymağa haqqı yox idi. Bu, bizim üçün müqəddəs qayda idi. Çünki hamımız başa düşürük ki, həlak olan hərbçinin adı açıqlanmadan onun ölümü barədə xəbər yayılsa, orduda xidmət edən bütün hərbçilərin valideynləri qorxudan nəfəsini kəsəcək”.
Deputatın sözlərinə görə, son vaxtlar bu qaydaya əməl olunmur: “İndi isə hamının vecinə deyil — kim nəyi, harada eşidirsə, onu da dərc edir. Ad yoxdur, iki-üç gün ərzində adlar açıqlanmır.
Amma indi daha dəhşətli vəziyyətə gəlib çatmışıq: Müdafiə Nazirliyi artıq öz hərbçisinin faciəli ölümü, intiharı, öldürülməsi və ya bədbəxt hadisə nəticəsində həlak olması barədə ümumiyyətlə məlumat vermir”.
Bizim.Media




































































































