“Müsavatda siyasi-ideoloji ziddiyyətlər yarandı“

Hazırda oxunan: “Müsavatda siyasi-ideoloji ziddiyyətlər yarandı“

48319
Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərin AzNews.az-a müsahibə verib. 
Moderator.az müsahibəni oxuculara təqdim edir.

-Açıq Cəmiyyət Partiyasına (ACP) rəhbərlik edirdiniz. Necə oldu ki, o partiyanı buraxıb, yenisini-Azad Demokratlar Partiyasını yaratmağa qərar verdiniz?

-Mən istər Xalq Cəbhəsində, istər ADP-də, istərsə də Müsavat Partiyasında həmişə liberalizmin tərəfdarı olmuşam. Xatırlayırsızsa, bir müddət bununla bağlı Müsavatın daxilində uzun müzakirələr getdi. Hətta bu, müəyyən siyasi-ideoloji ziddiyyətlərə gətirib çıxardı. Çox təəssüf ki, Müsavatın qəbul etdiyi proqram liberal proqram olmadı. Yəni, bu, mühafizəkar və müsavatçılıqla liberal dəyərlərin eklektik birliyi oldu. Azərbaycanın liberallaşmağa böyük ehtiyacı var, burada həm də liberal demokratik partiyaya ehtiyac var. Dostlarımızla məsləhətləşdik və bir qrup azad demokrat belə qərara gəldi ki, orta sinfin formalaşmasına ehtiyac var. Orta sinif formalaşmazsa, Azərbaycanın demokratikləşməsi mümkün olmayacaq. Hətta xaricdən ciddi dəstək olsa da belə, çətin olacaq. Düşündük ki, orta sinfin maraqlarını ifadə edən liberal demokratik partiya yaradaq.

-Sərt mövqeli, radikal müxalifətlə bir yerdə olmayacaqsız?

-“Liberal” sözü Azərbaycan dilində düzgün ifadə edilmir. Liberal - azad deməkdir, fundamental azadlıqların tərəfdarı olmaq deməkdir. Azərbaycanda bunu riyakarlıq və ikiüzlülük kimi qəbul edirlər. Çox təəssüflər olsun ki, ölkədə liberal adam azdır. Dünyada klassik siyasi düşüncə sistemləri 3 yerə bölünür: Fərdi əsas götürən liberalizm, cəmiyyəti əsas götürən Sosializm, dövləti əsas götürən faşizm. Bizim siyasətin mərkəsində insan duracaq. Liberalizmdə 4 əsas prinsip var, fərdiyyəçilik, azadlıq, sərbəst rəqabətə dayanan azad bazar iqtisadiyyatı və demokratiya və insan haqları. Münasibətləri qurmaq baxımından iki istiqamətimiz olacaq, siyasi ideoloji baxımdan bizə yaxın olan və ölkənin demokratikləşməsi üçün milli potensialı mobilizasiya edə biləcək geniş əsaslı bir demokratik qüvvələrin birliyi. Biz bu iki istiqamətdə birlik arayışında olacağıq. 

-Milli Şura ilə bağlı nə qərar verəcəksiniz?

-Biz Milli Şuranın fərdi üzvləriyik. Qurultayda partiyanın başlıca istiqamətlərini müəyyən ediləcək. Daha sonra Məclisin toplantısı keçiriləcək. Bizim fəaliyyət istiqamətlərimizdən biri də siyasi münasibətlərdir, bu, istər hakimiyyət , istərsə də müxalifət olsun, fərqi yoxdur. Düşünürəm, qərarımızı iki istiqamətdə verəcəyik. Ya siyasi ideoloji baxımdan bizə yaxın olanlarla birlik quracağıq, ya da ölkənin bütün demokratik potensialını mobilizasiya edə biləcək təşkilatın axtarışına çıxacağıq. Hansısa siyasi qrup marağını ifadə edən birlikdə təmsil olunmayacağıq. Bu günə qədər xeyli belə birliklər olub, amma səmərəsi olmayıb. 

-Dediyinizdən belə çıxır ki, ölkədə hazırda da sizin dediyiniz format yoxdur...

Hələlik yoxdur. Amma gələcəkdə yaranma ehtimalı var.

-Bəs, Demokratik Qüvvələrin Birliyi ilə bağlı nə düşünürsüz?

-Burada da müzakirələr başlayıb. Qurumdakı dostlarımızdan da xahiş etmişəm ki, qurultaya qədər bizə zaman versinlər. Olmayan bir partiya haqqında necə qərar verə bilərəm. Bunun üçün gərək partiya təsis olunsun, rəhbər orqanlar formalaşdırılsın, ondan sonra qərar verilsin.

-Bir qədər də regionda və dünyada baş verən proseslərdən danışaq. 1990-cı illərin əvvəllərində olduğu kimi, Rusiya yenə regionda aktivləşib. Ötən dövrlə hazırki dövrün oxşar və fərqli cəhətləri nədən ibarətdir? 

-Təbii ki, fərqli və oxşar cəhətlər var. Oxşar cəhətlər ondan ibarətdir ki, yenə də konfliktin arxasında Rusiya və onun hərbi siyasi müttəfiqi Ermənistan durur. Hələ də Azərbaycan əraziləri işğal altındadır. 1994-cü ilin mayında atəşkəs haqqında razılıq əldə olunsa da, hələ də sülh sazişi bağlanmayıb. Minsk Qrupu yarandığı gündən fəaliyyəti nəticəsizdir. Fərqli cəhətlər ondan ibarətdir ki, dünya konfliktin mahiyyəti anlayır, bilirlər ki, bu məsələnin arxasında Rusiya dayanır. Rusiya Gürcüstanın torpaqları-Abxaziya və Cənubi Osetiyanı ilhaq edəndən sonra bu konfliktlərin mahiyyəti açıldı. Düzdür, siyasətçilər bu konfliktin mahiyyətini əvvəldən bilirdilər. Amma Gürcüstan konfliktindən sonra beynəlxalq ictimaiyyət bu məsələni daha aydın başa düşməyə başladı. Ukraynada baş verənlərdən sonra isə dünya əmin oldu ki, bu, Rusiyanın imperiya siyasətidir. Rusiya çalışır ki, keçmiş sovet respublikalarını öz təsiri altında saxlasın. Hazırda konfliktin anlaşılması baxımından 90-cı illərlə müqayisədə fərq var. Mənfi fərqli cəhət ondan ibarətdir ki, Rusiya yenidən qurulurdu, orada yarıdemokratik hakimiyyət var idi. Yeltsin dönəmini nəzərdə tuturam. O zaman keçmiş sovet respublikalarına indiki kimi basqı yox idi, həmin dövlətlərə hörmətlə yanaşılırdı. Düzdür, o zaman da təzyiqlər var idi, amma belə sistemli, ardıcıl, məqsədyönlü deyildi. Azərbaycanın daxilinə gəldikdə isə təbii ki, burada fərqlər böyükdür. Birincisi, o zaman Azərbaycan müstəqilliyini yeni bərpa etmişdi, demək olar, dövlət institutları yox idi. Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışırdım, nazirliyin adının dəyişməsinə baxmayaraq, yenə də SSRİ “KQB”-sinin bir parçası olaraq fəaliyyət göstərirdi. Müdafiə Nazirliyi, demək olar ki, yox idi, Xarici İşlər Nazirliyi (XİN) yenidən qurulurdu. Bütövlükdə dövlət institutları, deyək ki, müdafiə, təhlükəsizlik işləri ilə məşğul olan institutlar yenidən qurulurdu. O zaman dövlətçilik ənənələri yox idi, kadrlar da yetərli deyildi. Bu, özünü orduda ciddi şəkildə göstərirdi. 90-cı illərin əvvəllərində Azərbaycanda xarici ölkələrin kəşfiyyatı güclü idi. İndi isə, artıq Azərbaycan 23 ildir, müstəqilliyini bərpa edib, dövlət institutları inkişaf edib, möhkəmlənib, ölkənin dövlət büdcəsi bir neçə dəfə artıb, xüsusilə də bu, 2006-cı ildə neft gəlirlərindən sonra baş verdi. Geoekonomik proyektlər həyata keçiriləndən sonra Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolu artıb. Bununla da Azərbaycana dəstək çoxalıb. 90-cı illərin əvvələrində bu dəstək yox idi. Hətta Türkiyə də dəstək vermirdi. Amma 2010-cul ildən Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı hərbi yardım haqqında saziş imzalanıb. Azərbaycan həm Amerika, həm Avropa Birliyi, həm də İsrail tərəfindən dəstəklənir. Azərbaycanda dövlət institutlarının formalaşması və beynəlxalq dəstəyin artması baxımından ciddi fərqlər var. Amma son dövrlər Rusiyanın Azərbaycana təzyiqi də artmağa başlayıb. Bu da post-sovet məkanının geopolitik taleyinin həll edilməsi ilə bağlıdır. Bilirsiz ki, MDB ölkələrinin, demək olar, hamısı seçimlərini ediblər. İstər MDB, istər Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələr, istər GUAM ölkələri, istərsə də Cənubi Qafqaz ölkələri olsun, bunların xeyli hissəsi seçimlərini ediblər. Bu ölkələrin içərisində Azərbaycan yeganə ölkədir ki, strateji seçimini etməyib. Ölkələrin bəziləri Qərbə, bəziləri də Rusiyaya üz tutub. Strateji seçim etməmək müəyyən bir dövrdə Azərbaycana manevr etmək imkanları verirdi. Amma indi regionun geopolitik taleyi həll olduğundan tərəflərin hər biri Azərbaycana strateji seçim etməyi tələb edir. Bilirsiz, Rusiyanın Azərbaycandan strateji seçim tələb etməsini, artıq mətbuatda da yer alır. Ölkənin Avrasiya İttifaqına dəvət olunması heç kimə sirr deyil. Bu ayın sonunda Moldova, Ukrayna və Gürcüstan assosiativ sazişi və Azad Ticarət Zonası haqqında sazişi imzalayacaqlar. Bu, o deməkdir ki, GUAM üzvü olan üç ölkə, artıq Rusiyanın siyasi-iqtisadi təsir dairəsindən çıxır. Burada mövqe ifadə etməyən yeganə dövlət Azərbaycandır. Cənubi Qafqazda da Ermənistan öz seçimini edib, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Rusiya ilə hərbi siyasi ittifaq sazişi bağlayıb, eyni zamanda Avrasiya İttifaqına daxil olmaq haqqında mövqeyini ifadə edib. Azərbaycan isə nə Avropa Birliyi, nə NATO, nə də Avrasiya İttifaqı, xüsusilə də Gömrük İttifaqı ilə yaxınlaşmaq niyyətində deyil. Görünən odur ki, Azərbaycan hər iki istiqamətlə fəaliyyətini davam etdirmək istəyir. Bu, müəyyən dövrün üçün normal idi, amma bu siyasət hazırki şəraitə uyğun deyil. Seçim edilmədiyi təqdirdə, hər iki tərəfdən təzyiqlərlə qarşılaşacaq. Seçim edəcəksə, bir tərəflə dost olacaq, digər tərəf təzyiq edəcək. Aydındır ki, bu seçim ağrılı olacaq, amma Azərbaycan itirə biləcəyindən də artıq itirib. Bəzən cəmiyyətdə belə fikir səslənir ki, Azərbaycan Rusiyanın istəklərinə cavab verməsə, Rusiya Azərbaycana təzyiq edə bilər. Rusiya Azərbaycanı işğal edib, istədiyi sahəni qoparıb. Dağlıq Qarabağı və ətraf rayonları nəzərdə tuturam. Diqqət edin, Rusiya haranı işğal edirsə, onun inzibatı sərhədlərindən kənara çıxmır. Dnestryanı bölgələrdə də, Krımda da, Abxaziya və Cənubi Osetiyada da belədir. Yəni, əgər Rusiya Azərbaycanı açıq şəkildə işğal etsəydi, nə qazanardı? Birincisi, dünya birliyi işğalçının Rusiya olduğunu biləcəkdi və Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tam mənada dəstəkləyəcəkdi. Görürsünüz, Moldovanın, Ukraynanın da, Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü birmənalı dəstkələdilər. Amma Azərbaycanı dəstəkləmirlər. İkincisi, Azərbaycan Dağlıq Qarabağı itirəcəkdi, ətraf ərazilər isə Azərbaycanda qalacaqdı. Üçüncüsü, Rusiya zəifləyib, geri çəkiləcəyi halda Azərbaycan çox asanlıqla torpaqları işğaldan azad edəcəkdi. Beynəlxalq birlik də bu məsələdə Azərbaycanın yanında yer alacaqdı. Amma indi Rusiya zəifləyib çəkilsə belə, beynəlxalq birlik Azərbaycanın yanında olmayacaq, daha çox Ermənistanı dəstəkləyəcəklər. Azərbaycanın bu gün tərəddüd etməsini, strateji seçim etməməsini, Qərbin, Amerikanın NATO-nun çağırışlarına cavab verməməsini unutmurlar. Bilmək lazımdır ki, Qərb diplomatiyasının yaddaşı güclüdür. 

-Bu aydan sonra Azərbaycan üçün hansı dönəm başlanır?

-Bilirsiz ki, Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı üç dövlət arasında saziş imzalanıb. Rusiya, Qazaxıstan, Belarusiya 2015-ci ilin yanvarından daha sıx əməkdaşlıq edəcəklər. Bunun adı iqtisadi birlik olsa da, kimsəyə sirr deyil ki, bu, siyasi, hərbi birlikdir. Çünki bunun da arxasında KTMT dayanır. Böyük ehtimalla Avrasiya İttifaqındakı gedən proseslərlə bağlı KTMT-da da islahatlar aparılacaq. Eyni zamanda Ermənistan və Qırğızıstan da bu ittifaqa qoşulmaq niyyətində olduqlarını bildiriblər. Digər tərəfdən Moldova, Ukrayna və Gürcüstan Avropa Birliyi ilə assosiativ saziş imzayacaqlar. Gördüyünüz kimi, post-sovet məkanında bir növ geopolitik ayırışma gedir, cəbhə xətti yaranır. Azərbaycan isə bu cəbhə xəttinin ortasında dayanıb. Belə getsə, bu cəbhə xətti Azərbaycanı böləcək. Azərbaycan belə ziddiyyətli siyasət aparmağa davam etsə, tərəflərin hər birində tərəddüd, etibarsızlıq yaradacaq. Yəni, Rusiyanın Azərbaycana təzyiqləri güclənəndə nə Amerika, nə də Avropa Birliyi Ukraynanı dəstəklədiyi kimi Azərbaycanı dəstəkləməyəcək. Bunu unutmamaq lazımdır. Bu aydan başlayaraq, artıq geopolitik müəyyənləşmə prosesi başlayıb. Nəinki ay, hər həftə ötdükcə regionda vəziyyətin gərginləşəcəyini, Azərbaycana təzyiqlərin artacağını düşünürəm. 

-Sizcə Qərblə Rusiya arasında soyuq müharibə nə qədər davam edəcək?

-Post-sovet məkanının geopolitik taleyi həll olunana, Rusiyada rejim dəyişikliyi olana qədər davam edəcək. Artıq Ukrayna hadisələrindən sonra, belə deyək, Qərbin dərin dövlətləri dünyanı idarə edən güclər, xüsusilə 3 tərəfli komissiya işə başlayıb. Ukrayna böhranı zamanı üç tərəfli komissiya toplandı, ABŞ-ın dövlət katibi Con Kerri ora dəvət olundu və hesabat verdi. Üç tərəfli komissiyanın qərarları ABŞ-a gedir, prezident bunu “Böyük 7-lər”ə təqdim edir. Daha sonra isə Avropa Birliyi ilə danışıqlara götürülür. Yəni, artıq bu güc mərkəzlərində anlayırlar ki, bu konfliktlər Avropa təhlükəsizliyini təhdid edir. Ona görə də bu konfliktlər həll edilməlidir. Bu konfliktlərin həlli Putin Rusiyasının dəyişilməyindən keçir. Putinə edilən təzyiqlər isə bir nəticə vermir. Nəinki post-sovet məkanının geopolitik taleyi, hətta Rusiyanın geopolitik taleyi həll edilənə qədər qarşıdurma davam edəcək. Ola bilər, zaman-zaman gərginliyik səngisin. Belə olmasına baxmayaraq, bu qarşıdurma davam edəcək. 

-Türkiyənin Cənubi Qafqaz regionuna nüfuz etməsi burada olan dövlətlərə nə verə bilər?

-Türkiyə Rusiya və İranla bərabər Qafqazda köhnə oyunçudur. İran, Osmanlı, Çar imperiyaları gücləndikcə Qafqaz uğrunda mübarizə də güclənib. İndisə ikinci dünya müharibəsindən sonra yaranmış qüvvələr nisbəti pozulmağa başladı. Təbii ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi həm demokratiya və azadlıqların, həm də sülh və sabitliyin möhkəmlənməsi deməkdir. Türkiyə o zaman regionda güclənə bilər ki, burada Rusiyanın hərbi, siyasi təsiri azalsın. Rusiyanın mövqeyinin regionda zəiflənməsi regionun inkişafı deməkdir. Rusiya zəiflədikcə boşluğu İran və Türkiyə dolduracaq, Avropa Birliyi və ABŞ da regiona açıq dəstək verəcək. Türkiyənin regionda güclənməsi həm Azərbaycanın, həm Gürcüstanın, həm də əslində, Ermənistanın da maraqlarına cavab verir. Sadəcə olaraq, Ermənistandakı hakimiyyət özünü qorumağa çalışır. Oradakı hakimiyyət işğal etdiyi Azərbaycan ərazilərini qoruyub saxlamaq üçün birbaşa Rusiyadan asılıdır. Bilirsiz ki, erməni cəmiyyətində bir türk qorxusu var. Bu qorxu Rusiya koloniyası tərəfindən daima gücləndirilir. Bir sözlə, Türkiyənin Cənubi Qafqazda güclənməsi üç dövlətin maraqlarına cavab verir. 

-Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Azərbaycana səfər etdi. Onun ölkə başçısı İlham Əliyevlə görüşündən nə müşahidə etdiniz?

-Müşahidən onu göstərir ki, mətbuata sızan informasiyalar təsdiq olunur. Yəni, İlham Əliyev nə Rusiya ilə, nə də Avropa ilə kollektiv sazişlərə indiki səviyyədən artıq getmək istəmir, ikitərəfli əməkdaşlıq münasibətləri qurmağa üstünlük verir. Görünür, Barrozoya da İlham Əliyev deyib ki, bu cür münasibətləri Rusiya ilə də qurmaq istəyir və Rusiyanın yaratdığı birliklərə girmək niyyəti yoxdur. Amma bu siyasətin hansı yerə qədər uğur gətirəcəyini demək çox çətindir. Düşünürəm ki, İlham Əliyev regionun taleyi həll edilənə qədər manevr imkanlarını saxlamağa çalışır. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin