Bakıda yağan güclü yağışlardan sonra şəhərin bir sıra küçə və prospektlərində yollarda su yığılması müşahidə olunur. Bu cür şəraitdə hərəkət edən sürücülərin daha diqqətli və aşağı sürətlə idarəetmə həyata keçirməsi, həm piyadaların, həm də ətrafdakı şəxslərin təhlükəsizliyi baxımından vacib sayılır.
Bizim.Media “avtosfer.az”a istinadla xəbər verir ki, qeydə alınan hadisələrdən birində bəzi sürücülərin bu qaydaya əməl etmədiyi görünür.
Belə ki, 90-FQ-555 dövlət qeydiyyat nişanlı “Rox” markalı avtomobilin sürücüsü səkidə hərəkət edən piyada və onun yanında olan azyaşlıya məhəl qoymadan yüksək sürətlə hərəkət edib.
Nəticədə yolda yığılan su piyadaların üzərinə sıçrayıb və onların ayaqlarının islanmasına səbəb olub. Hadisə zamanı piyada uşağı sudan qorumaq üçün onu yuxarı qaldırmağa məcbur qalıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, suyun piyadalara, nəqliyyat vasitələrinə və ya binalara qəsdən sıçradılması 40 manat məbləğində cərimə ilə nəticələnə bilər.
Bizim.Media

































































































