Böyük Britaniya Müdafiə Nazirliyi Kral III Çarlzın iştirakı ilə keçirilən atçılıq şousunda qadın hərbi qulluqçunun həlak olduğunu təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
"Müdafiə Nazirliyi böyük kədər hissi ilə bombadir Siara Sallivanın ölümünü təsdiqləyir. O, mayın 15-də “Kral Vindzor Atçılıq Şousu”nda baş verən faciəvi hadisədən sonra dünyasını dəyişib", - deyə açəqlamada qeyd olunub.
Həlak olan hərbçinin 24 yaşı var olub. O, ordu xidmətinə 2020-ci ildə başlayıb, 2021-ci ildə isə Kral Süvari Artilleriyasına qoşulub. Ölümün dəqiq səbəbləri açıqlanmır.
"Sun" qəzetinin yaydığı məlumata görə, Sallivan arenanı tərk edərkən yıxılaraq ağır xəsarətlər alıb və göstərilən ilkin yardımlara baxmayaraq, hadisə yerindəcə keçinib.
Bukingem Sarayından bildiriblər ki, Kral III Çarlz və Kraliça Kamilla hadisə yerində olsalar da, baş verənlərin ciddiliyini dərhal dərk etməyiblər.
Sarayın mətbuat xidmətindən qeyd olunub ki, kral hərbi qulluqçunun ölüm xəbərini eşidəndə dərindən sarsılıb və kədərlənib. Bildirilib ki, III Çarlz şəxsən başsağlığı vermək üçün onun ailəsi ilə əlaqə saxlamaq niyyətindədir.
Bizim.Media

































































































