İsrailin İraqdakı gizli hərbi bazası: Şokedici təfərrüat - FOTO

Hazırda oxunan: İsrailin İraqdakı gizli hərbi bazası: Şokedici təfərrüat - FOTO

613942

"The New York Times" qəzeti bədəvi bir çobanın İraqda İsrailə məxsus gizli hərbi baza aşkar etməsi barədə sensasiyalı araşdırma dərc edib.

Bizim.Media xəbər verir ki, İrana qarşı müharibədə istifadə olunduğu iddia edilən bu obyekt regionda geniş rezonans doğurub. İndi İraq hakimiyyəti çətin sual qarşısındadır: İsrail hökumətin icazəsi olmadan ölkədə belə gizli bazalar yarada bilərdimi? Üstəlik, məlum olub ki, çobanın təsadüfən tapdığı obyektdən başqa, İsrailin İraqda daha bir gizli hərbi bazası var.

Ayın əvvəlində "The Wall Street Journal" qəzeti İsrailin İraqın qərbindəki səhrada ABŞ-İsrailin İrana qarşı fevralın 28-də başlayan müharibəsində istifadə üçün baza tikdiyini yazmışdı. Sentyabr peyk şəkilləri Kərbəla şəhərindən 180 kilometr cənub-qərbdə, qurumuş göl yatağında müvəqqəti uçuş-enmə zolağının olduğunu üzə çıxarıb.

"The New York Times"a danışan İraq rəsmiləri isə bildiriblər ki, İsrail orada 2025-ci ilin iyununda İranla baş verən müharibə və builki münaqişə zamanı istifadə olunan ikinci bir bazanı da saxlayıb. Bu gizli məntəqələr İraqın qərbində, Səudiyyə Ərəbistanı, İordaniya və Suriya sərhədlərinə yaxın geniş Ənbər-Nəcəf səhra zonasında yerləşir. Relyefin xüsusiyyətləri hərbi infrastrukturu mülki əhalinin gözündən uzaq saxlamağa ideal şərait yaradır.

Bədəvi çobanın təhlükəli kəşfi və ölümü

"The New York Times"ın məlumatına görə, 29 yaşlı Avad əl-Şammari adlı bədəvi pikap avtomobili ilə Əl-Nuhayba ərzaq almağa gedib və bir daha geri qayıtmayıb. Ailəsi onun İsrailin ciddi mühafizə olunan məxfi obyektinə rast gəldiyi üçün öldürüldüyünü düşünür. Əl-Şammari həlak olmazdan əvvəl İraq hərbi komandanlığı ilə əlaqə saxlayaraq gördüklərini — uçuş zolağı ətrafında əsgərlər, helikopterlər və çadırların olduğunu təsvir edib. Şahidlərin sözlərinə görə, o, helikopterlə təqib olunaraq atışma zamanı öldürülüb.
 

Qohumu Əmir qeyd edib ki, əraziyə güclə daxil olaraq Avadın yanmış maşınını və tanınmaz halda olan cəsədini tapıblar.


Bu hadisə İsrail ilə heç bir diplomatik əlaqəsi olmayan İraqda böyük qəzəbə səbəb olub. Məlum olub ki, İraq ordusu səhradakı şübhəli hərəkətlilik barədə yerli bədəvilərdən həftələrdir məlumat alsa da, prosesi uzaqdan izləməyə üstünlük verib və ABŞ-dan məlumat istəyib.

Bağdadın reaksiyası və ABŞ-ın rolu

İraq hakimiyyəti İsrailin mövcudluğunu yalnız çobanın zəngindən sonra tam dərk edib. Əraziyə göndərilən İraq kəşfiyyat qrupu isə İsrail tərəfindən açıldığı güman edilən atəş nəticəsində bir əsgərini itirib, ikisi yaralanandan sonra geri çəkilməli olub. Rəsmi Bağdad insidenti ört-basdır etməyə çalışsa da, BMT Təhlükəsizlik Şurasına şikayət verib. İraqlı deputat Vaad əl-Kadu bu hadisəni ölkənin suverenliyinə və xalqın ləyaqətinə qarşı açıq hörmətsizlik adlandırıb.
 

Mənbələrin bildirdiyinə görə, İsrail bu bazanın tikintisinə 2024-cü ilin sonunda başlayıb və hazırda bura fəaliyyətini dayandırıb. Bazalar İsrail hərbi aviasiyasının İrana zərbələr endirməsi üçün uçuş məsafəsini qısaltmaq, həmçinin loqistik dəstək, tibbi yardım və vurulma ehtimalı olan pilotlar üçün axtarış-xilasetmə qruplarını yerləşdirmək məqsədilə qurulub.


İraq rəsmiləri ABŞ ordusunun bu obyektlərdən mütləq xəbərdar olduğunu iddia edirlər, çünki regionda ABŞ və İsrail arasında sıx hərbi koordinasiya mövcuddur. İraq hərbi rəhbərliyi isə rəsmən ölkədə heç bir İsrail bazası barədə məlumata malik olmadığını bəyan edir. İsrail ordusu da məsələyə rəy bildirməkdən imtina edib.

İraqlı deputat Raed əl-Maliki isə ABŞ-ı müharibə zamanı İraqın hava məkanını İsrailə ötürməkdə və radar sistemlərini söndürməkdə ittiham edib.

Ekspertlərin fikrincə, bu ifşalar İraqda böyük geosiyasi gərginliyə yol açacaq. ABŞ-ın İraqdakı təsir imkanları zəifləyə bilər, çünki ölkədəki İranpərəst silahlı qruplaşmalar bu hadisədən tərksilah olunmaqdan imtina etmək və hərbi nüfuzlarını genişləndirmək üçün bəhanə kimi istifadə edəcəklər. Hadisə sübut edir ki, İsrail-İran qarşıdurması artıq birbaşa raket zərbələrindən çıxaraq, üçüncü ölkələrin ərazisinin gizli döyüş meydanına çevrildiyi fərqli bir mərhələyə qədəm qoyub. (Mənbə: Haqqin.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin