Bu gün Azərbaycanın dilbər guşəsi Laçın rayonunun Ermənistana təslim edilməsindən 34 il keçir. Ona görə “təslim edildi” deyirik ki, biz Laçını da, Şuşa və digər bir çox rayonlarımız kimi döyüş meydanında deyil, siyasi çəkişmələr müstəvisində ermənilərə təhvil verildi. Çünki hər hansı bir rayonun təslim edilməsi kimlərinsə siyasi sonu, kimlər üçünsə siyasi revanş idi.
Səbəb nə idi?
Müstəqilliyimizin ilk illərində xalqımız siyasi mübarizənin çox ağır və çirkin formasını yaşayırdı. Ayaz Mütəllibov qətiyyətsizliyi və AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyi torpaqlarımızın işğalına zəmin yaradırdı. O zaman “meydan qəhrəmanları”nın xalq arasında bir qədər nüfuzu vardı. Hakimiyyət də bundan ehtiyat edərək bəzi məsələlərdə “meydan qəhrəmanları”na güzəştə gedirdi. Amma siyasi cəhalət üzündən bu güzəştlər Bakıda, hakimiyyət qollarında yox, cəbhə bölgəsində edilirdi.
1992-ci ilin əvvəllərində Azərbaycan hökuməti AXC-Müsavat cütlüyünə cəbhə bölgəsində çox böyük səlahiyyət vermişdi. Ağdamdakı Mərkəzi Qərargah - yəni Qarabağın idarəçiliyi demək olar ki, “cəbhəçi bəylər”in nəzarətində idi. Lakin “cəbhəçi bəylər” Qarabağdakı səlahiyyətlərlə kifayətlənmək istəmirdi. Onların hədəfi Bakıda siyasi hakimiyyəti ələ keçirtmək idi.
AXC-Müsavat “Qarabağ kartı”nı siyasi alətə necə çevirdi?
Hakimiyyətin ən yuxarı eşalonuna yüksəlmək üçün AXC-Müsavat cütlüyü “Qarabağ kartı”ndan istifadə etməyə başladı. Əvvəlcə, Xocalı ermənilərə təslim edildi. Xocalı sakinləri Qarqar çayı boyunca haray çəkib, nicat dilədikləri bir vaxtda Bakıda hakimiyyət savaşı pik həddə çatmışdı.
AXC-Müsavat cütlüyü prezident Ayaz Mütəllibovu parlament binasında faktiki olaraq girov götürmüşdülər. Onun fiziki mövcudluğunun təminatı üçün yeganə şərt istefaya getməsi idi. 2 gün Milli Məclisdə gecələyən Ayaz Mütəllibov nəhayət istefa ərizəsi yazmaq məcburiyyətində qaldı. Böyük ölçüdə hakimiyyət AXC-Müsavat cütüyünün əlinə keçdi.
İlkin olaraq Rəhim Qazıyev Müdafiə naziri təyin edildi. Bunun ardınca növbəti prezident seçkiləri üçün Əbülfəz Elçibəyin namizədliyi qeydə alındı.
Lakin hakimiyyət hərisi ola “cəbhəçi bəylər” bununla kifayətlənmədi. Onlar hakimiyyətə qeyri-sivil yolla və ən qısa zamanda gəlmələri üçün yeni qurbanlar axtarışına çıxdılar.
Laçının təslim edilməsinə gedən yol
1992-ci ilin may ayının 6-da prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov İrana səfər etdi. Məqsəd rəsmi Tehranın vasitəçiliyi ilə Ermənistan rəhbərliyi ilə görüşmək və qanlı müharibəni durdurmaq idi.
Mayın 7-də Tehranda üçtərəfli görüş baş tutur. Görüşdə belə razılıq əldə olunur ki, Qarabağa İranın və ATƏT-in müşahidəçi missiyası göndərilsin və münaqişə dinc yolla həllini tapsın. Bunu eşidən AXC-Müsavat cütlüyü hərəkətə keçir və cəmi bir gecədə alınmaz qala sayılan Şuşa ermənilərə təslim edilir.
Nəticədə Tehran görüşü nəticəsiz qalır. Siyas mübarizə daha şiddətli vəziyyət alır. Nəzərə alaq ki, Şuşanın işğalı zamanı Müdafiə naziri Rəhim Qazıyev idi. Baxmayaraq ki, Rəhim Qazıyev deyirdi ki, “Şuşa əldən getsə, başıma güllə vuraram”. Təbii ki, Şuşa əldən getsə də, Rəhim Qazıyev başına güllə vurmadı və papağını yan qoyub Bakıda vəzifənin səfasını çəkməyə davam etdi.
Rəhim Qazıyevin hakimiyyət sevdası
“Cəbhəçi bəylərin” məsuliyyətsiz bəyanatları və hakimiyyətdə olanların qeyri-müəyyən addımları Rusiyanın bölgədəki maraqları ilə tərs-mütənasib idi. Ona görə də Rusiya “çəbhəçi bəylər” arasında özlərinə uyğun namizəd axtarmağa başladılar. Belə birisi isə vəzifə, pul hərisi olan Rəhim Qazıyevdən yaxşısı ola bilməzdi.
Təsadüfi deyil ki, 1992-ci ilin aprel ayının sonlarında Rusiyanın müdafiə naziri Pavel Qraçov Azərbaycana gəlir. Gəncə aerodromunda onu Rəhim Qazıyev qarşılayır. Daha sonra Gəncədən Şəkiyə gələn ordu generalı bir günlük Rəhim Qazıyevin şəxsi qonağı olur.
Aprelin 29-da Bakıya gələn Qraçov o vaxtkı müdafiə naziri Rəhim Qazıyevlə birgə Prezidentin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun qəbulunda olur. Görüş çox gərgin keçir. Rusiyalı nazir hətta Yaqub Məmmədovu təhdid edir.
Birmənalı şəkildə prezident seçkilərinin ləğvini və parlament yolu ilə Rəhim Qazıyevin prezident seçilməsini ondan tələb edir. Lakin Yaqub Məmmədov bunun mümkünsüz olduğunu söyləyir. Bildirir ki, belə bir addım atılarsa, ölkə qarışar, hakimiyyət radikal müxalifətin əlinə keçər.
Nəhayət, Yaqub Məmmədovun təklifi ilə ortaq məxrəcə gəlinir.
Razılaşmaya əsasən devrilmiş Ayaz Mütəllibovun yaxın bir həftə ərzində yenidən hakimiyyətə qaytarılması qərara alınır. Bunun üçün Xocalı soyqrımının təhqiqatını aparan deputat komissiyasının sədri Ramiz Fətəliyevə tapşırıq verilir ki, yekun qərarı tez zamanda hazırlasın və parlamentin müzakirəsinə çıxarsın.
Təbii ki, komissiya Ayaz Mütəllibovun günahsız olduğunu söyləməli idi. Lakin o zamankı siyasi ab-hava çox gərgin olduğu üçün Yaqub Məmmədov deyilənləri qısa zamanda icra edə bilmir.
Şuşa şəhər İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənov həmin günləri belə xatırlayır:
“Mayın 9-u səhər saat 10 radələrində Ali Sovetin binasına gəldim. Binanın qarşısında yüzə yaxın şuşalı toplaşmışdı. Onlarla görüşüb yuxarı qalxdım. Qəbul otağında köməkçi Gürşad Zərbəliyevə dedim ki, “Yaqub müəllimlə təcili görüşmək istəyirəm”.
Dedi ki, “oturun, gözləyin içəridə adam var”. Xeyli gözlədim. Nəhayət gözləməyə səbrim çatmadığı üçün qəfil qapını açıb içəri girdim. Gördüklərimdən donub yerimdə qaldım. Ayaz Mütəllibovla Yaqub Məmmədov üzbəüz oturub çay içirdilər. Məni görən Ayaz Mütəllibov ev yiyəsi kimi “Gəl Nizami, gəl otur”, – dedi. Çaşqın vəziyyətdə keçib bir kənarda oturdum.
Ayaz müəllim çay içə-içə soruşdu ki, “Nizami, sən camaatı bir həftə sakitləşdirə bilərsən?” Dedim ki, “nəyə görə?” Dedi ki, “Moskva ilə razılaşmışıq, bir həftəyə Şuşanı da, Xankəndini də, o biri torpaqları da geri alacam”.
Təəccüblə dönüb Yaqub Məmmədovun üzünə baxdım. Yaqub müəllim başı ilə deyilənləri təsdiqlədi. Mən də ayağa qalxdım. Dedim ki,”madam elədir, lap 10 gün də gözləyərik, təki Şuşanı geri alın”. Aşağı düşüb həmyerlilərimi sakitləşdirdim və dağılışmalarını xahiş etdim…”
Nəhayət deputat komissiyası tezbazar işini yekunlaşdırır.
Mayın 14-də Ali Sovetin fövqəladə iclası çağrılır. İclasın gündəliyinə tək bir məsələ daxil edilmişdi: Xocalı faciəsini araşdıran deputat-istintaq komissiyasının yekun qərarının müzakirəsi...
Yaqub Məmmədov iclası açır, gündəliyi oxuyur və sözü Ramiz Fətəliyevə verir. Komissiyanın rəhbəri qısa arayışla faciədə Ayaz Mütəllibovun heç bir günahının olmamasını “sübut edir” və Ayaz Mütəllibovun yenidən prezidentlik kürsüsünə qayıtmağında heç bir problemin olmadığını söyləyir…
Bax əsl maraqlı məqam bu zaman baş verir. Bir qrup deputat Ayaz Mütəllibovu təbrik edərkən Yaqub Məmmədov iclası yekunlaşdırmadan ayağa qalxır və əlini başından yuxarı qaldırıb yellədərək qışqırır:
“Mən işimi qurtardım. Mən gedirəm”.
Rəhmətlik Nizami Bəhmənov deyirdi ki, “Yaqub Məmmədov bağıra-bağıra məclisdəkilərə deyil, Moskvada oturan və hadisələri diqqətlə izləyən Pavel Qraçova səslənirdi. Çünki aprelin 29-da Qraçov Yaqub Məmmədovu otağında ölümlə hədələmişdi. Yaqub Məmmədov da bu qışqırıqları ilə bir növ Qraçova hesabat verirdi ki, “mən öz işimi gördüm, məndən əl çəkin”...
Lakin Moskvanın planı baş tutmadı. Hakimiyyət bu dəfə AXC-Musavat cütlüyünün əlinə keçdi. Amma xəyanətlər yenə də davam etdi…
Laçın necə təslim edildi?
Nəzərə alaq ki, Laçında könüllü batalyonlar və yeni yaradılan ordunun xeyli qüvvələri vardı. Bu da imkan verirdi ki, rayon layiqincə müdafiə edilsin. Bundan əlavə Laçın-Şuşa yolunda Milli Ordunun hissələrindən ibarət 2,700 nəfərlik canlı qüvvə də var idi. Amma necə oldusa, hadisələr sürətlə öz axarından çıxdı. Mayın 12-də hərbi komandirlər Elbruc Orucov və polkovnik Rüfət Əmirov döyülərək Laçından qovuldular. Bunun ardınca rayondakı ağır texnika və canlı qüvvə çıxarılmağa başlandı.
Həmin səhnəni mərhum jurnalist Çingiz Mustafayevin məşhur videoçarxında dəfələrlə görmüşük. Əsgərlər Laçını tərk edir. Amma bu əmrin kim tərəfindən və nə üçün verildiyini bilmirlər. Bildikləri isə o idi ki, guya bu qüvvələr Şuşanın azad olunması üçün Turşsuya getməlidir.
Amma nə təsadüfdürsə, Turşuya getməli olan hərbi qüvvələr mayın 14-də Bakı küçələrində peyda olur. İskəndər Həmidov başda olmaqla bir dəstə “cəbhəçi bəy” həmin ağır texnika ilə Ali Sovetə yaxınlaşaraq binanı mühasirəyə alır və hakimiyyətin onlara təslim edilməsini tələb edirlər.
Nə bir neçə saatlıq prezident olan Ayaz Mütəllibov, nə də “istefa verən” Yaqub Məmmədov AXC-Müsavat cütlüyünün təzyiqi qarşısında duruş gətirməyərək parlament binasını tərk edirlər. Nəticədə, silahlı dəstələr Ali Sovetə daxil olur. Burada rastlarına çıxanları döyüb, təhqir edir, binaya ciddi ziyan vururlar. Sonda isə hakimiyyətin onların əlinə keçdiyini bəyan edirlər. Bu utancverici hadisədən sonra Laçın rayonu ermənilərə təslim edilir.
Əslində bu milli xəyanət idi.
Hakimiyyətə gəlmək üçün əvvəlcə Xocalı soyqırımına göz yumdular. Ardınca Şuşa və Laçın ermənilərə təslim edildi.
AXC-Müsavat cütlüyü xalqın qanı və torpaqlarımızın işğalı üzərindən hakimiyyətə gəldi. Təbii ki, qanla yoğrulmuş hakimiyyət uzun sürə bilməzdi. Bir illik hakimiyyətləri dövründə “cəbhəçi bəylər” ancaq dövlətin əsaslarını sarsıtdılar, ölkəni talan etdilər və torpaqlarımızın daha çox hissəsinin işğal olunmasına şərait yaratdılar.
Təəssüflə xatırlayırıq ki, Kəlbəcərin işğalını AXC-Müsavat cütlüyü böyük şadyanalıqla qeyd etdi. Prezident Elçibəy sevinclə bəyan etdi ki, beynəlxalq təşkilatlar bu günə qədər iddia edirdilər ki, Qarabağdakı işğal yox, milli-etnik münaqişədir:
“İndi Kəlbəcər işğal edildi. Ora ki, Qarabağ deyil. İndi gəlsinlər, işğalın qarşısını alsınlar”.
Amma “cəbhəçi bəylər”in sevincləri uzun sürmədi...
Heç bir beynəlxalq təşkilat Ermənistana “dayan” demədi. Bunun da tək səbəbi AXC-Müsavat cütlüyünün siyasi cəhaləti və idarəçilik təcrübəsinin olmaması idi. Məhz bu yarıtmaz siyasət hesabına uzaq xarici ölkələr bir yana hətta qonşu dövlətlərlə - İran, Rusiya, Gürcüstan və Türkmənistanla münasibətlər müharibə həddinə çatmışdı. Bu səbəbdən əksər dövlətlər açıq şəkildə Ermənistana dəstək verirdi.
Nəticədə AXC-Müsavat cütlüyünün “xidmətləri” sayəsində torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi. Bir milyona yaxın soydaşımız dədə-baba ocaqlarından didərgin düşdü. Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurdakı min illik maddi-mənəvi sərvətləri talan edildi, dağıdıldı. Beləcə 30 ilə yaxın torpaqlarımız düşmən tapdağında qaldı.
Bir güllə belə atılmadan azadlığına qovuşan Laçın
Nəhayət 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldana azad olundu. Suveren hüquqlarımız bərpa olundu. Maraqlıdır ki, 44 günlük müharibədə heç bir dövlət açıq şəkildə Ermənistanı müdafiə etmədi. Əksinə bəzi qonşu dövlətlər hava məkanını Ermənistan üçün qapatdı. Bu isə Azərbaycan diplomatiyasının hünəri idi.
Prezident İlham Əliyevin qətiyyəti, diplomatik gedişləri və müdrik siyasəti hesabına torpaqlarımız işğaldan azad edildi. Hətta Laçın, Kəlbəcər və Ağdam rayonları bir güllə atılmadan belə ermənilərdən geri alındı. Bu isə tarixdə bənzərinə çox az rast gəlinən hadisələrdən biridir.
Bu gün digər rayonlarımız kimi Laçın da yenidən qurulur, inkişaf edir. Amma tarixin acı səhifələri və itkilərimiz heç zaman unudulmur. Necə ki, azad Laçının 34 il əvvəlki işğalı bu gün xatırlanır, yad edilir. Günahkarlar isə lənətlənir və lənətlənməyə də davam edəcəklər...
Surxay Atakişiyev, Bizim.Media



































































































