Sözdə sülh, əməldə prosesi uzatmaq cəhdi – İrəvanın 2031-ci il mesajı nəyə hesablanıb?

Hazırda oxunan: Sözdə sülh, əməldə prosesi uzatmaq cəhdi – İrəvanın 2031-ci il mesajı nəyə hesablanıb?

643654

Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanmasının 2031-ci ilədək uzana biləcəyinə dair açıqlaması rəsmi İrəvanın səsləndirdiyi bəyanatlarla atdığı praktiki addımlar arasındakı uyğunsuzluğu bir daha gündəmə gətirir.

Tarixən də Ermənistanın müxtəlif rəhbərliklərinin bir-birini təkzib edən, ziddiyyətli bəyanatlarının dəfələrlə şahidi olmuşuq.

Bir tərəfdən sülhün əhəmiyyətini vurğulamaq, regional əməkdaşlığın inkişafından danışmaq, digər tərəfdən isə sülh sazişinin imzalanmasını illərlə sonraya saxlamaq ehtimalını gündəmə gətirmək Ermənistanın bu prosesə nə dərəcədə səmimi yanaşdığı barədə ciddi suallar doğurur.

Ermənistanda qarşıdan gələn seçkilər, eləcə də daxili siyasi qüvvələr arasında davam edən mübarizə Paşinyan hökumətinin qərarlarına müəyyən təsir göstərir.

Ancaq ölkədaxili siyasi proseslərin mürəkkəbliyi sülh müqaviləsinin imzalanmasının qeyri-müəyyən müddətə təxirə salınmasına əsas vermir. Ermənistan rəhbərliyi davamlı sülhə həqiqətən maraqlı olduğunu bəyan edirsə, bu mövqeyini konkret qərarlar və ardıcıl addımlarla təsdiqləməlidir.

Rəsmi Bakı Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunmasını istəyir və bu məqsədlə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmin yaradan istinadların aradan qaldırılmasını zəruri hesab edir. Məhz bu istiqamətdə atılacaq addımlar sülh müqaviləsinin imzalanması qarşısında dayanan əsas siyasi və hüquqi maneənin aradan qaldırılmasına şərait yarada bilər.

Ermənistan hakimiyyətinin üzərinə düşən başlıca vəzifə daxili siyasi qüvvələrin mövqeyini əsas gətirərək prosesi ləngitmək deyil, sülh üçün tələb olunan qərarları qəbul etməkdir.

İki ölkə arasında münasibətlərin normallaşdırılması Ermənistanın seçki təqviminə və daxili siyasi mübarizəsinə bağlı vəziyyətə salınmamalıdır. Sülhün alternativsiz olduğunu bəyan edib, eyni zamanda onun hüquqi rəsmiləşdirilməsini uzun illər sonraya saxlamaq perspektivini irəli sürmək siyasi baxımdan ciddi ziddiyyət yaradır. Rəsmi İrəvan nəzərə almalıdır ki, davamlı sülhə nail olmaq üçün vaxtın uzadılması deyil, etimadın möhkəmləndirilməsinə xidmət edən konkret addımların atılması vacibdir.
 

Ermənistan Konstitusiyası ilə bağlı məsələyə nəzər saldıqda Azərbaycanın irəli sürdüyü tələbin konkret hüquqi və siyasi əsaslara söykəndiyini görürük. Belə ki, Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad olunur. Həmin sənəddə isə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il qərarına istinad yer alır.

 

Azərbaycanın mövqeyinə görə, bu cür istinadların konstitusion səviyyədə qüvvədə saxlanılması gələcəkdə ölkəmizə qarşı ərazi iddialarının yenidən irəli sürülməsi üçün hüquqi zəmin yarada bilər. Buna görə də əsas məqsəd yalnız sülh sazişinin imzalanmasına nail olmaq deyil, həmin sənədin uzunmüddətli və etibarlı hüquqi təminatlarla möhkəmləndirilməsidir. Sülhün davamlılığı üçün gələcəkdə yeni mübahisələrə səbəb ola biləcək hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.

Azərbaycan indiyədək sülh prosesinin irəliləməsi istiqamətində ardıcıl siyasi iradə ortaya qoyub, münasibətlərin normallaşdırılması üçün konkret təşəbbüslər irəli sürüb. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması da bu istiqamətdə əldə edilmiş mühüm nəticələrdən biridir. Hazırkı mərhələdə əsas məsələ Ermənistanın üzərinə düşən siyasi və hüquqi öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atmasıdır.

Prosesin daha bir neçə il uzadılması perspektivi sülh müqaviləsinin imzalanması ətrafında qeyri-müəyyənliyin davam etməsinə səbəb olur. Ermənistan rəhbərliyinin bir tərəfdən sülhə sadiqliyini bəyan etməsi, digər tərəfdən isə sazişin imzalanmasını uzunmüddətli siyasi proseslərlə əlaqələndirməsi onun sülh gündəliyinə yanaşmasının ardıcıllığı və səmimiliyi ilə bağlı sualları daha da aktuallaşdırır.

Ülviyyə Zülfiqar, siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin