Türkiyənin tanınmış modeli Demet Şener və keçmiş milli basketbolçu İbrahim Kutluay illər sonra münasibətlərini normallaşdırıblar.
Bizim.Media xəbər verir ki, 2018-ci ildə qalmaqallı şəkildə başa çatan boşanmalarından sonra uzun müddət bir-biri ilə münasibət saxlamayan keçmiş həyat yoldaşları övladlarının xoşbəxtliyi naminə aralarındakı incikliyi geridə qoyublar.
Demet Şener mətbuata açıqlamasında bildirib ki, barışıq üçün ilk addımı İbrahim Kutluay atıb.
"Hazırda münasibətlərimiz çox yaxşıdır. İlk addımı İbrahim atdı. Mənimlə danışdı və biz övladlarımızın rahatlığı, xoşbəxtliyi və gələcəyi naminə aramızdakı incikliyə son qoymağa qərar verdik. Həyatı bir-birimizə çətinləşdirməyin heç bir mənası yoxdur. İndi hər şey qaydasındadır", – deyə model bildirib.
Son günlər Türkiyə mətbuatında cütlüyün yenidən münasibətə başladığı barədə yayılan iddialara da münasibət bildirən Şener bu xəbərlərin həqiqəti əks etdirmədiyini vurğulayıb.
O qeyd edib ki, onların yenidən ailə qurmaq və ya sevgili olmaq kimi planları yoxdur. Keçmiş həyat yoldaşları yalnız övladlarının rifahını nəzərə alaraq sağlam ünsiyyət qururlar.
"Biz yenidən sevgili deyilik və evlənmək kimi bir fikrimiz yoxdur. Sadəcə, iki övladımızın valideynləri olaraq münasibətlərimizi normal məcraya salmışıq. Uşaqlarımız İrem və Ömərlə birlikdə yaxın vaxtlarda ailəvi tətilə çıxmağı planlaşdırırıq. Bunu yalnız onların xoşbəxtliyi üçün edirik", deyə Demet Şener bildirib.
Xatırladaq ki, Demet Şener və İbrahim Kutluay 2005-ci ildə ailə qurublar. Uzun illər Türkiyə şou-biznesinin nümunəvi cütlüklərindən biri hesab olunan onların nikahı 2018-ci ildə xəyanət iddiaları fonunda qalmaqallı şəkildə başa çatıb.
Boşanmadan sonra tərəflər aliment, uşaqların qəyyumluğu və digər hüquqi məsələlərlə bağlı dəfələrlə məhkəmə çəkişmələri yaşayıblar.
Buna baxmayaraq, uzun sürən gərginliyin ardından keçmiş həyat yoldaşları övladlarının psixoloji rahatlığını və ailədaxili münasibətləri nəzərə alaraq aralarındakı incikliyi aradan qaldırıblar.
Onların bu addımı Türkiyə ictimaiyyətində və sosial şəbəkələrdə müsbət qarşılanıb. Bir çox istifadəçi keçmiş cütlüyün övladlarının maraqlarını hər şeydən üstün tutmasını təqdir edib. (Demokrat.az)
Bizim.Media



































































































