“Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

Hazırda oxunan: “Eurovision”da qalmaqal: Musiqi artıq siyasətdən kənarda deyil

612858

Bu il “Eurovision” müsabiqəsinin “United by Music” — “Musiqi ilə birləşirik” şüarı əvvəlkindən daha paradoksal səslənir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Hollywood Reporter” yazıb.

Nəşrin məlumatına görə, Vyana dünyanın ən parlaq və eyni zamanda ən gərgin musiqi yarışmalarından birinə ev sahibliyi edir.
 

Müsabiqəyə bir həftə qalmış Avstriya paytaxtı bayram ab-havasından çox, gücləndirilmiş təhlükəsizlik zonasını xatırladır. Yarışmanın keçiriləcəyi “Stadthalle” arenası ətrafında yeni müşahidə kameraları quraşdırılıb, girişlər mühafizə olunur, beton maneələr və hasarlar qoyulub.


Yerli sakinlər təhlükəsizlik tədbirləri səbəbindən konsert kompleksinin ətrafında təxminən 30 min kvadratmetr ictimai yaşıl zonanın bağlanmasına məcbur qalıblar.

Bildirilir ki, təşkilatçılar dronlardan, xidməti itlərdən və partlayıcı maddələrin aşkarlanması üçün geniş yoxlamalardan istifadə edirlər.

Gərginliyin əsas səbəbi İsrailin müsabiqədə iştirakı olub. İspaniya, Sloveniya, İslandiya, İrlandiya və Niderland İsrail nümayəndə heyətinin buraxılmasına etiraz olaraq yarışmanı boykot ediblər. Bu, “Eurovision” tarixində siyasi motivli ən böyük boykotlardan biri hesab olunur.

Sloveniyanın qərarı xüsusilə diqqət çəkib. Ölkənin milli yayımçısı müsabiqə əvəzinə “Fələstinin səsləri” adlı sənədli film nümayiş etdirmək qərarına gəlib.

Avstriya hakimiyyəti isə İsrailin müsabiqədə iştirak etməli olduğunu bildirir. Vyana təhlükəsizlik üçün 500-dən çox özəl mühafizəçi, 180 yeni kamera, antidron sistemləri və xidməti itlər cəlb edib. Hətta kibertəhlükələrin monitorinqi üçün Nyu-Yorkdakı FTB bölməsi ilə əməkdaşlıq edildiyi bildirilir.

Gərginliyi artıran başqa məqam finalın fələstinlilər üçün simvolik əhəmiyyət daşıyan Nəkbə günü ilə üst-üstə düşməsidir. Avstriya polisi həmin gün genişmiqyaslı etirazlar və mümkün icazəsiz aksiyalar gözləyir.
 

Qeyd olunur ki, “Eurovision”un siyasiləşməsi yeni hadisə deyil. Lakin bu il proses görünməmiş həddə çatıb. 1956-cı ildə Avropanı televiziya yayımı vasitəsilə birləşdirmək ideyası ilə yaradılan müsabiqə uzun müddət siyasi rejimləri qiymətləndirməkdən uzaq durmağa çalışıb. Amma 2022-ci ildə Rusiyanın yarışmadan kənarlaşdırılmasından sonra İsrailə qarşı da oxşar addım atılması tələbləri artıb.


Müsabiqəyə akkreditasiya olunmuş jurnalistlər də ciddi qaydalarla üzləşiblər. Onlara davranış kodeksi, kibertəhlükəsizlik və müxtəlif məhdudiyyətləri əhatə edən 110 səhifədən çox təlimat təqdim olunub.

Vyana küçələrində isə ikili ab-hava hökm sürür: bir tərəfdə musiqi, fanatlar və əyləncə, digər tərəfdə çanta, dron, iri əşyalar və hətta uşaq arabalarına qoyulan qadağalar var.

Təşkilatçıların bayram imicini qorumaq səylərinə baxmayaraq, “Eurovision 2026” artıq müsabiqə tarixinin ən siyasi yarışmalarından biri kimi yadda qalır.

Əsas sual isə açıq qalır: səhnə qlobal münaqişələrin, qorxuların və ideoloji qarşıdurmaların aynasına çevrildiyi halda musiqi Avropanı həqiqətən birləşdirə biləcəkmi?

Xatırladaq ki, ötən gecə "Avroviziya 2026" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. İsveç, Finlandiya, Estoniya, İsrail, Polşa, Belçika, Yunanıstan, Portuqaliya, Xorvatiya, Serbiya finala yüksələn ölkələr olub.

Azərbaycanı müsabiqədə ikinci yarımfinalda müğənni JIVA təmsil edir. O, “Just Go” adlı mahnını ifa edəcək.

Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin