Müəllimin dişləri...

Hazırda oxunan: Müəllimin dişləri...

33856

 Bu gün “Bilik günü”, yeni dərs ilinin başlanğıcıdır. Bir vətəndaş, paytaxt sakini, valideyn olaraq yeni qayğılar aləminə yuvarlanırıq bu gündən. Bilmirəm “təhsil millətin gələcəyidir”  fikrini ilk dəfə Heydər Əliyev deyib ya yox, mən deyərdim ki, təhsil bir millətin onurğa sütunu, ölüm-qalım məsələsidir. Bəli, bu gün Azərbaycan millətinin taleyi həll olunur təhsilimizin bütün pillələrində. Vəziyyət hər kəsə tanış olduğundan yenidən Amerika-zad kəşf etmək həvəsində də deyiləm. Sadəcə ömrünü şam kimi əridən müəllimlərə cəmiyyətimizdəki daşlaşmış qeyri-adekvat münasibəti bir daha qınamaq amacıyla bu yazını yazmaq qərarına gəlmişəm. Özü də mənə stimulu həmkarım, təqdimata ehtiyacı olmayan publisist-jurnalist Heydər Oğuz verib. Onunla facebook-da tez-tez yazışıram və nədənsə son bir həftədə qeybə çəkildi. Nəhayət, üzrxahlıq edərək “bilirsən, qardaş, dərslərin açılmasına az qalıb deyə bütün müəllimlər dişlərini düzəltdirir, onunçün başım qarışıqdı” yazdı. Doğrusu, söz məni yaman tutdu. Yeri gəlmişkən, illər öncə Heydərlə “Hürriyyət”də külüng çalmışdıq, sonradan birdən-birə jurnalistikanın daşını atıb bilirsiniz hansı işin qulpundan yapışdı? Stomatologiyanın. Bəli, mən də inanmadım ki, jurnalistika hara, dişqayırma hara? Bu sualıma da hazır cavabı varmış “brat”ımın- bilirsən, qardaş, bu ölkədə hər kəsi dişimə vuraraq nə yuvanın quşları olduqlarını öyrəndikdən sonra qərara gəldim ki, millətin sağlam dişə ehtiyacı siyasətçidən və jurnalistdən daha çoxdur...

Sonradan siyasətə baş vuran və Ədalət Partiyasında sədr müavini kimi siyasi fəaliyyətini davam etdirən Heydər Oğuz bu gün də demək olar ki, düşüncə sirdaşım olaraq həm də moderator.az saytının ştatdankənar müxbiridir.

Beləcə, artıq əsas məsələyə keçməyin tam zamanı. Mən hesab etmirəm ki, yeni dərs ilinə başlanmasıyla müəllimlər şagirdə-tələbəyə bir müştəri, yaxud da yağlı əppək kimi baxacaqlar. Doğrudur, gizlədiləcək nə qaldı ki, şagirdləri özünün çörək ağacı hesab edən xeyli sayda müəllim var. Üstəlik məncə cəmiyyətdə və mətbuatda repetitorluqla bağlı bu qədər zəhlətökən polemikalara da ehtiyac yoxdur. Orta məktəblər bəlli səbəblərdən şagirdə normal təhsil verə bilmirsə valideyn öz övladının gələcəyi üçün müəllimə münasib “təhsilhaqqı” verərək bu çatışmazlığı ardan götürür. Nəticədə hər iki tərəf udur, baxmayaraq ki, bu zaman  uduzan tərəf-təhsil sistemi kimsənin umrunda olmur. Buna obrazlı olaraq müəllimin dişlərini yeni dərs ilinə kökləməsi, itiləməsi kimi yanaşmaq məncə ədalətsizlikdir.

Bəla orasındadır ki, illərdi az qala “Qordi düyünü”nə çevrilmiş təhsil problemlərimiz də düşünüldüyü kimi çətin həll olunası məsələ deyil və bu labirintdən çox asanlıqla sivişib çıxmaq mümkün.  Burada sağlam məntiq və siyasi iradə başlıca şərtdir. Görkəmli alim, parlamentin təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərovla təhsilimizin üzləşdiyi problemlərlə bağlı çoxsaylı söhbətlərimiz olur və qocaman professor  da bu qənaətdədir ki, müəllimlərin məvacibi ölkədəki orta aylıq əmək haqqından ən azı 20 faiz yüksək olmayınca cəmiyyətdə bu peşə sahiblərinin urvatı olmayacaq və onların gözü orda-burda qalacaq. Çıxış yolu da var- ucdantutma ən aşağı bal toplayanları müəllimlik ixtisaslarına yönləndirməkdənsə ən azı 500-dən yuxarı bal toplayanların müəllimlik adı uğrunda yarışa qoşula biləcəyi bir kriteriya müəyyənləşməli və ölkənin ən savadlı gəncləri müəllim statusuyla gələcək auditoriyaların bəzəyinə çevrilməlidir. Üstəlik, əsl fədakarlıq və millətsevərlik sərgiləyərək başqa cəlbedici ixtisasları deyil, məhz müəllimliyi seçdiklərinə görə hətta ilkin mərhələdə bir pilot layihə olaraq həmin cəfakeşlərə ikiqat, üçqat məvacib də vermək olar. Bunu etmək bu qədərmi çətindir?  Məncə yox, yetər ki, səmimi istək olsun. Şəxsən mən yeni nazirin yerinə olsaydım, bu tarixi fürsəti qaçırmazdım...

Zülfüqar Hüseynzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin