Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov iqtisadçılarla görüşündə məlumat verib.
Bu, həm istehlakçı hüquqlarını qorumaq, həm də bazarda rəqabəti artırmaq baxımından çox vacibdir.
Bəs qanunvericilikdə sözügedən məsələ necə öz əksini tapıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, əmək qanunvericiliyinə görə əmək haqqını hansı formada və necə almağı işçi müəyyən edir:
“Təəssüf ki, praktikada belə deyil. Belə ki, işçinin maaşının hansı bankdan almasını işəgötürən müəyyən edir. Və hətta işçi buna etiraz edib deyə bilmir ki,”mən filan bankdan maaşımı almaq istəyirəm”. Bunu demək istəyən işçi təbii ki, rəhbərliyin təzyiqi ilə üzləşir.
Pensiya məsələsində də vəziyyət eynidir. Vətəndaşı məcbur edirlər ki, ancaq biz deyən bankla işləməlisən. Bu da Mülki Məcəlləninin tələblərini ciddi şəkildə pozmaq deməkdir. İndi AMB istəyir ki, gələn ilin aprel ayından bu problemi həll eləsin. İlkin mərhələdə işçiyə maaşının istənilən bankdan alması sərbəstliyi veriləcək. Yəqin ki, daha sonra bu qayda digər sahələrə də tətbiq ediləcək”.
Surxay Atakişiyev, Bizim.Media



































































































