Milli Məclisdə 8 Noyabr – Zəfər Günü ilə bağlı deputatların çıxışları dinlənilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə parlamentin spikeri Sahibə Qafarova çıxış edərək Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyətindən danışıb.
O bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışları ilə xarakterizə olunur:
"Böyük qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaratmışdır. Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl səyləri regionun dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlmişdir".
Deputat Ceyhun Məmmədov Azərbaycanın qələbəsinin xalq-iqtidar birliyi, güclü ordu və milli həmrəyliyin nəticəsi olduğunu vurğulayıb:
“Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi” - deyə qeyd edib.
Şahin İsmayılov 8 Noyabrın Azərbaycan xalqının gücünü və özünəinamını nümayiş etdirən tarixi gün olduğunu deyib.
Onun sözlərinə görə, Zəfər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Sahib Alıyev isə bildirib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi təkcə hərbi gücün deyil, milli həmrəyliyin, ruhun və ağlın zəfəri idi.
Bundan sonra çıxış edən deputat Vüqar Bayramov işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işlərindən danışıb.O bildirib ki, işğal müddətində tamamilə dağıdılaraq xarabalığa çevrilən həmin ərazilərimizdə ilkin mərhələdə nəqliyyat, sosial, kommunal və digər infrastrukturun formalaşdırılması zəruri idi.
"Bu müddətdə yalnız dövlət büdcəsindən həmin ərazilərimizin bərpasına 26 milyard manat vəsait ayrılıb. Zəfərdən keçən müddətdə işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3 min 720,5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi icra edilir. İndiyədək ümumi uzunluğu 1338 kilometr olan 17 avtomobil yolunun tikintisi tam başa çatdırılıb. Strateji əhəmiyyət daşıyan 3 beynəlxalq hava limanı istifadəyə verilib".
Deputat Aydın Mirzəzadə də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə diqqət çəkib.O vurğulayıb ki, “bizim zəif olmaq ixtiyarımız yoxdur, bizim parçalanmaq ixtiyarımız yoxdur”.
Bundan başqa, deputatlar Bəhruz Məhərrəmov, Zahid Oruc, Hicran Hüseynova, Asif Əsgərov, Azər Badamov, Bəxtiyar Əliyev, Fəzail İbrahimli də çıxışlarında Zəfər Gününün tarixi əhəmiyyətindən, milli birliyin və dövlət müstəqilliyinin qorunmasının vacibliyindən danışıblar.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:56 / 03.11.2026
Deputatlardan Zəfər Günü mesajları
Hazırda oxunan: Deputatlardan Zəfər Günü mesajları
Hazırda oxunan: Deputatlardan Zəfər Günü mesajları
645712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































