Moderator.az - a hamımız üçün tanış olan bir mövzu ətrafında ilginc məktub daxil olub və müəllif saytımız vasitəsilə məsələyə ictimai diqqəti yönəltməklə bərabər Ali Məhkəmənin sədri Ramiz Rzayevin, ədliyyə naziri Fikrət Məmmədovun məsələyə ədalətli müdaxiləsini xahiş edib, əks halda adıçəkilən bankın baş ofisi qarşısında aclıq aksiyasına başlayacağını bildirib.
Belə ki, Rəfiyev İsmayıl Hüseyn oğlu adlı şəxs ona çatası pulu dəfələrlə müraciət etsə də ötən il 21 fevral devalvasiyasınadək "Kapital Bank"ın Səbail filialından ala bilməyib. Sonrakı günlərdə devalvasiya olduğuna və manat 34 faiz ucuzlaşdığına görə həmin şəxs Kapital Bankı məhkəmə verib.
Şikayətçinin sözlərinə görə, 100 000 manat (yüz min manat) ona çatası pulu alıb dərhal dollara dəyişərək Kanadada yaşayan ailəsinə göndərmək istəyirmiş. Lakin "Kapital Bank" ona çatası pulu vaxtında verməyib, 1 saylı Səbail filialının müdiri F. Əfəndiyev müxtəlif bəhanələr gətirərək İsmayıl Rəfiyevin halalca pulunu verməkdən imtina edib.
Beləliklə, manatın məzənnəsinin kəskin aşağı düşməsindən xeyli ziyana düşən İ. Rəfiyev artıq alacağı pula gözlədiyi məbləğdə dollar ala bilmədiyinə görə məhkəməyə üz tutmaq qərarına gəlib. Nəticədə manatın məzənnəsinin kəskin düşməsi nəticəsinə Rəfiyev İsmayıl ona dəymiş zərərin əvəzini ödənilməsi üçün ədalət sorağında Nəsimi rayon məhkəməsinə müraciət edir.
Nəsimi rayon Məhkəməsi isə gözlənildiyi kimi 18 sentyabr 2015-ci il tarixdə "Kapital Bank"ın xeyrinə qərar çıxarır və zərərin ödənilməsini tanımır. İddiaçı Rəfiyev İsmayıl Nəsimi rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İndi intizarla ədalətin bu instansiyada zəfər çalacağına ümid edir, əks halda...

































































































