BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı WUF13-ə NECƏ HAZIRLAŞIB?

Hazırda oxunan: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı WUF13-ə NECƏ HAZIRLAŞIB?

613910

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) mayın 17-22-də Bakıda keçiriləcək XIII Ümumdünya Şəhərsalma Forumuna (WUF13) öz töhfəsini verəcək.

Bizim.Media xəbər verir ki, bu barədə FAO-nun rəsmi saytında dərc olunan bəyanatda qeyd olunub.

FAO forum çərçivəsində şəhər aqrar-ərzaq sistemlərinin iqlim dayanıqlığı, ərzaq təhlükəsizliyi, biomüxtəliflik və ekoloji davamlılığın təmin olunmasındakı roluna diqqət çəkəcək. Təşkilat həmçinin mənzil böhranının insanların sağlamlığına, rifahına, iqtisadi təhlükəsizliyinə, eləcə də ərzaq əlçatanlığı və icmaların dayanıqlığına təsirini gündəmə gətirəcək.

FAO-nun Baş direktorunun müavini və Meşəçilik Bölməsinin direktoru Zimin Vu bildirib ki, mənzil və ərzaq təhlükəsizliyi böhranları bir-biri ilə sıx bağlı olsa da, çox zaman ayrı-ayrılıqda nəzərdən keçirilir:

“Ərzağa çıxış və onun əlçatanlığı ilə mənzil və əsas xidmətləri birləşdirən praktik və inteqrasiya olunmuş yanaşmalara ciddi ehtiyac var. WUF13 şəhərləri daha yaşıl, dayanıqlı və inklüziv etmək üçün birgə həllərin təşviqi baxımından mühüm imkandır”.
 

Forum çərçivəsində FAO mayın 19-da keçiriləcək “One UN” dəyirmi masasında iştirak edəcək. Tədbirdə torpaq istifadəsi, aqrar-ərzaq sistemləri və kənd-şəhər əlaqələrinin mənzil siyasətinə inteqrasiyası məsələləri müzakirə olunacaq.


Həmin gün FAO və UN-Habitat birgə “Yaşıl şəhərlərin merlərinin infosessiyası” adlı xüsusi tədbir də təşkil edəcək. Tədbirdə “Yaşıl Şəhərlər Təşəbbüsü” təqdim olunacaq, həmçinin 2025-ci ilin oktyabrında Romada keçirilmiş Birinci Beynəlxalq Yaşıl Şəhərlər Konfransının yekun sənədi olan “Yaşıl şəhərlər Kommünikesi” barədə məlumat veriləcək.

Bundan başqa, forum müddətində FAO şəhərlərarası əməkdaşlıq, texniki dəstək və strateji tərəfdaşlıqlar platforması kimi “FAO Green Cities Network” təşəbbüsünün təşviqinə yönəlmiş tədbirlər keçirəcək.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu 2001-ci ildə BMT tərəfindən yaradılıb.

Forum sürətli urbanizasiya və onun şəhərlərə, iqtisadiyyata, icmalara və dövlət siyasətinə təsirini müzakirə etmək üçün əsas beynəlxalq platformalardan biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin