Əli Əliyev Baş Prokurorluq və MTN-ə müraciət etdi

Hazırda oxunan: Əli Əliyev Baş Prokurorluq və MTN-ə müraciət etdi

50862

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində hüquq müdafiəçisi Leyla Yunusun həbsinə münasibət bildirərək, Baş Prokurorluğu və MTN-i 4,5 milyona villa alan Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun belə böyük maliyyə imkanlarının mənşəyini də eyni operativliklə araşdırmağa çağırıb.

Ə.Əliyevin həmin statusunu təqdim edirik:

“Dünən (iyulun 30-da) Leyla Yunus nəhayət ki, xeyli qovhaqovdan sonra həbs edildi. Hakimiyyət növbəti opponentinin hərəkət sərbəstliyini və azadlığını məhdudlaşdırmaqla, cəmiyyətə növbəti "Əzərəm!" mesajını göndərdi. Hakimiyyətin timsalında "Ağanəzər" müəllim artıq son aylarda daha qətiyyətli olduğunu nümayiş etdirməkdədir.

Baş Prokurorluq və MTN həbsi rəsmi açıqlama ilə əsaslandırmağa cəhd göstəriblər. Gülünc iddialar ortaya qoyublar. 3 əsas dəlil gətirilib: maliyyə fəaliyyəti, ermənilərlə təmas, sirr sayıla biləcək məlumatların düşmən tərəfə ötürülməsi.

Hakimiyyətin davranış tərzini bildiyimdən, həbsin siyasi məqsədli olduğuna qəti şübhə etmirəm. Bütün baş verən həbslər tərəfimdən Azərbaycanın yeni siyasi mərhələyə hazırlanması kimi qiymətləndirirəm. 15-ci il öncəsi vətəndaş cəmiyyətini zəiflətmək, siyasi proseslərə təsir imkanı olanları neytrallaşdırmaq, digərlərə görk etmək iqtidarımızın əsas vəzifələrindəndir. Bu məqsədlərə müvafiq qaydada çatmaq mənasız görünür. Azərbaycan hakimiyyəti dünyanın obyektiv inkişaf trendini dəyişə bilməz. İnanıram ki, heç ləngidə də bilməz.

Aid olduğumuz siyasi cəhətdə baş verənlərdən aydın görünür ki, Rusiya kimi dünyanın hərbi, siyasi, iqtisadi qütbü olmaq istəyən nəhəng dövlət belə qısa müddətdə küncə sıxılıb. Ukrayna hadisələri Putini bitirəcək. Atom düyməsi əlində olan Putin Kim Çen Ina çevrildisə, bizimlə müqayisəni mənasız görürəm.

Bu gün həbsdə olan Rauf Mirqədirovu və İlqar Məmmədovu keçmiş partiya yoldaşı kimi, Anar Məmmədlini və Tofiq Yaqublunu fəaliyyətimdən, Leyla Yunusu şəxsi ünsiyyətimizdən kifayət qədər yaxşı tanıdığımdan onların həbsə atılmasını siyasi hədəfli və ədalətsiz görürəm, iqtidarın müxalifətə qarşı mübarizə üslubu sayıram. Belə addımlar ilə YAP özünün zəifliyini ölkə ictimaiyyətinə, antidemokrat və avtoritarlığını beynəlxalq aləmə nümayiş etdirir.

Bu gün yayılan açıqlamada səsləndirilən "dəlillərdən" "ötürülən informasiyaların mövcudluğunu" böhtan saysam da, faktları gözləməkdəyəm. Mirqədirovun və Yunusun düşmənə xidmətini apreore qəbul etmirəm, bunu mümkün görmürəm.

Ermənilərlə təmas- bu qeyri-adi hadisə deyil. Azərbaycan siyasi bomondu üçün səviyyələr üzrə belə təmaslar daim olub, yəqin bundan sonra da olacaq. Leyla Yunusun erməni hüquq müdafiəçiləri ilə əlaqəsi iqtidar nümayəndələrimizin müvafiq səviyyəli təmasları qədər doğaldır. Belə əlaqələr inkriminasiya nədəni ola bilməz.

Ən maraqlı "fakt" Yunus ailəsinin maliyyə fəaliyyətidir. Bəlkə seçki öncəsi həqiqətən YAP-ı maliyyə müstəqilliyi olan təşkilatlar narahat edir? Nəyə görə 2002-ci ildən 2014-cü ilə qədər "maliyyə pozuntularına"yol verən rəqiblərinə belə dözümlülük nümayiş etdirblər? Açıq-aşkar görünür ki, maliyyə ittihamı da quramadır.

Vergi və maliyyə funksiyalarını yerinə yetirmək səlahiyyətlərini üzərinə çəkən siyasi qurum statusunda işləyən Baş Prokurorluğa və MTN-ə müraciət edirəm ki, belə fisqal çevikliyini Şuşa rayonu İcra Başçısı və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovun xərcləri barədə də araşdırmalarla aydınlatsınlar.

Bir halda ki, bizim mötəbər qurumlarımız vətəndaşlarımızın maliyyə hərəkiliyini belə diqqətdə saxlamaq gücündədirsə, yanlış fəaliyyət hüquqi öhdəlik yaradırsa və Azərbaycan vətəndaşları qanun qarşısında bərabərdilərsə, onda zəhmət çəkib məmurumuzun 4.5 milyona ev almasının maliyyə zəminini aşkarlasınlar. Unutmayaq ki, həmin şəxs də erməni tərəfi ilə danışıqların iştirakçısıdır.

YAP-ın iddia etdiyi kimi onların sıralarında korrupsionerlərin olmadığını nəzərə alsaq, belə fantastik məbləğdə vəsaitin mənbəyi müvafiq qurumlarda nədən suallar doğurmur? Bəlkə sizin açıqlamalarda göstərilən Məcəllə maddələri YAP-çılara aid deyil?

Hörmətli rəqiblərimiz, YAP-çılar, seçdiyiniz yol yanlışdır. Represiyalarla sizlər bu ölkəni geri apara bilməyəcəksiniz. Bir qədər bizi ləngidəcəksiniz. Bizim hədəflərimiz aşkar və sadədir- demokratik və halal Azərbaycan. Belə vətən szin özünüzə və xələflərinizə də zəruridir. Ona görə öz xatirinizə bizlərə bu yolda maneəyə çevrilməyin”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin