Salyan və ətraf bölgələrdə üzüm bağları bu il ciddi təhlükə ilə üz-üzədir. Göbələk xəstəliklərinin sürətlə yayılması məhsuldarlığa ağır zərbə vurub. Fermerlər bildirirlər ki, aparılan dərmanlama və digər mübarizə tədbirlərinə baxmayaraq, xəstəliyin qarşısını tam almaq mümkün olmur. Nəticədə, hektarlarla üzüm sahəsindən ötən illərlə müqayisədə xeyli az məhsul gözlənilir.
Bəs göbələk xəstəliklərinin bu qədər geniş yayılmasının səbəbi nədir və vəziyyətdən çıxış yolu varmı?
MÖVZU İLƏ BAĞLI:
“National Geographic” Azərbaycan şərablarından YAZDI – Şərabçılıq tariximizdəki ALMAN İZLƏRİ
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yaz fəslində havalar əksər bölgələrdə əsasən yağışlı, havanın temperaturu isə qeyri-sabit keçdiyinə görə, belə rütubətli hava şəraitində bir sıra göbələk xəstəlikləri, o cümlədən üzümdə Mildiu və Oidium kimi xəstəliklər inkişaf etməyə başlayıb:
“Bu xəstəliklər üzümlüklər üçün böyük təhlükədir. Mildiu xəstəliyi tənəyin bütün yaşıl orqanlarını zədələyir, məhsuldarlığı kəskin aşağı salır, hətta tənəyi məhv edə bilir. Bu xəstəliyin inkişafı digər canlılar kimi ətraf mühit amillərindən asılıdır və müəyyən, qanunauyğun inkişaf dinamikasına malikdir. Eləcə də, Oidium xəstəliyi qədər üzümlüklərin təhlükəli xəstəliklərindən biri sayılır. Son dövrlərdə havaların qeyri-sabit keçməsi, temperatur və nəmliyin dəyişməsi, xəstəliyin yaranmasına şərait yaradır”.
Nazirlikdən əlavə olundu ki, xəstəlik lokal xarakterlidir, digər bölgələrə yayılmayıb.
Həmçinin fermerlərə tövsiyə olundu ki, xəstəliyin əlamətləri müşahidə olunduqdqa Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya Mərkəzinin rayon mərkəzlərinə müraciət etsinlər ki, mütəxəssislər tərəfindən vaxtında mübarizə aparmaq üçün müvafiq məsləhət və tövsiyələr əldə edə bilsinlər.
Şəfiqə Şəfa, Bizim.Media





























































































