17 ildən sonra Suriyaya səfər edən ilk Fransa Prezidenti Emmanuel Makronun Şamda keçirdiyi rəsmi görüşlər zamanı gün eynəyi taxması diqqət mərkəzində olub.
Bizim.Media xəbər verir ki, Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra Suriyanın paytaxtına səfər edən ilk Avropa İttifaqı lideri olan Makron Suriya Prezidenti Əhməd Şara ilə rəsmi görüşlər keçirib.
Lakin səfərin siyasi əhəmiyyətindən çox, Şaranın onun şərəfinə təşkil etdiyi şam yeməyində qeydə alınan görüntülər diqqət çəkib.
Tarixi restoranda keçirilən qəbul zamanı Makronun gün eynəyini bütün görüş boyu çıxarmaması maraq doğurub.
Fransa liderinin bu davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu diplomatik etikaya uyğun hesab etməsələr də, digərləri Makronun səhhəti ilə əlaqələndiriblər.
Qeyd edək ki, Makron bir müddətdir rəsmi tədbirlərdə xüsusi eynəklərdən istifadə edir. Fransa mətbuatının yazdığına görə, onun gözünün qoruyucu qişasında damarların zədələnməsi nəticəsində yaranan subkonyunktival qanaxma müşahidə olunub.
Sağ yönümlü "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot isə daha əvvəl sosial şəbəkədə paylaşım edərək Makronun bu görünüşünü şərh edib. O, istehzalı şəkildə bunun Prezidentin həyat yoldaşı Bricit Makronun ona vurduğu növbəti "şillə"nin nəticəsi ola biləcəyini iddia edib.
Bizim.Media




































































































