Fermerlərin NƏZƏRİNƏ – 2030-cu ilədək nəzərdə tutulan güzəştlər açıqlandı – MÜSAHİBƏ

Hazırda oxunan: Fermerlərin NƏZƏRİNƏ – 2030-cu ilədək nəzərdə tutulan güzəştlər açıqlandı – MÜSAHİBƏ

623591

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" qəbul edilib.

Yeni dövlət Proqramı çərçivəsində kənd təsərrüfatının inkişafı, fermerlərə dəstək mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bəs bu istiqamətdə hansı tədbirlər görüləcək?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban cavablandırıb.


Həmin müsahibəni təqdim edirik:

- Ramin bəy, Dövlət Proqramının əsas hədəfləri hansılardır?

- Dövlət Proqramı 2026–2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahə üzrə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur:

1. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun orta illik artımının ən azı 2 faiz təşkil etməsi (2026-2030-cu illər üzrə);

2. Kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixrac həcminin orta illik artımının 6 faiz olması;

3. Müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılması;

4. Buğda və pambıq üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə (5 tona) çatdırılması — buğda istehsalında 20 faiz, pambıq istehsalında 17 faiz artım;

5. İntensiv meyvə bağlarının sahəsinin 50 min hektardan 70 min hektara çatdırılması;

6. İstixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatdırılması;

7. Cins heyvanların ümumi sürüdə payının 2,5 faizdən 10 faizə çatdırılması;

8. Süd istehsalının 10 faiz, ət istehsalının 20 faiz artırılması;

9. Quş əti istehsalının 30 faiz, yumurta istehsalının 27 faiz artırılması;

10. Akvakultura istehsalının 3,4 min tondan 7,7 min tona çatdırılması;

11. Soyuducu anbarların tutumunun 400 min tondan 500 min tona çatdırılması;

12. Taxıl silolarının həcminin 1900 min tondan 2050 min tona çatdırılması;

13. Proqram çərçivəsində ümumi investisiya həcmi 5,9 milyard manat nəzərdə tutulur (2,2 milyard manat dövlət dəstəyi, 3,7 milyard manat özəl sektor investisiyası).

- Konkret istiqamətlər üzrə danışsaq, yonca əkini ilə məşğul olan fermerlər subsidiyaların digər sahələrlə müqayisədə daha az olduğunu bildirirlər. Digər tərəfdən, yonca heyvandarlıq üçün əsas qida məhsulu kimi ciddi önəm kəsb edir. Bu sahəyə ayrılan subsidiyaların artırılması nəzərdə tutulur?

- Aqrar Subsidiya Şurasının 2025-ci il 18 avqust tarixli protokoluna əsasən, yonca üzrə əkin subsidiyası müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri üçün 0,8 əmsal (160 manat/ha), müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri üçün 0,5 əmsal (100 manat/ha) müəyyən edilib. Dövlət Proqramında örüş və otlaqların münbitliyinin qorunması üçün subsidiya mexanizminin tətbiqi nəzərdə tutulur.

- Fermerlərin ən çox narahatlıq ifadə etdiyi problemlərdən biri də otlaq sahələri ilə bağlıdır. Bu problemin həlli istiqamətində hansı addımlar atılacaq?

- Otlaq sahəsi problemi ilə bağlı Dövlət Proqramında və digər sənədlərdə bir neçə istiqamət üzrə tədbirlər nəzərdə tutulur. Örüş və otlaqların münbitliyinin qorunması üçün subsidiya mexanizmi tətbiq ediləcək. Deqradasiyaya məruz qalmış 480 min hektar örüş və otlaq sahələrinin münbitliyinin yaxşılaşdırılması üçün xüsusi subsidiya və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi planlaşdırılır.

Yem istehsalının texnika və texnologiyalarla təminatının yaxşılaşdırılması üçün Kəlbəcər və Laçın yaylaqlarına 5 il ərzində 1,3 milyon baş heyvan və 590 min arı ailəsinin köçünün təşkil edilməsi və işğaldan azad edilmiş ərazilərdə otlaq potensialından səmərəli istifadəsi, o cümlədən Qəbələ və Salyan rayonlarında 20 min hektar sahədə pilot layihə çərçivəsində parçalanmış torpaq parsellərinin birləşdirilməsi nəzərdə tutulur ki, bu da daha səmərəli otlaq idarəçiliyinə imkan yaradacaq.

- Hazırda, süni mayalanmadan doğulan hər buzova görə maldarlıqla məşğul olan fermerlərə 100 manat subsidiya verilir. Gələcəkdə bu güzəştin bütün buzovlara görə edilməsi nəzərdə tutulurmu?

- Mövcud vəziyyətə görə, süni mayalanma yolu ilə alınmış buzovlar üçün subsidiya verilir, lakin bu, süni mayalanma prosesinə görə subsidiyadır, hər doğulan buzova görə deyil. 2025-ci ildə bu istiqamətdə 9,9 milyon manat subsidiya ödənilib. Dövlət Proqramında aşağıdakı yeni mexanizmlər - cins heyvanların güzəştli satışının təşviqinin təkmilləşdirilməsi, yeni dəstək mexanizminin formalaşdırılması, heyvandarlıqda məhsul subsidiyasının tətbiqi, süni mayalanma subsidiyasının davam etdirilməsi nəzərdə tutulur.

- Hazırki qaydalara əsasən, müasir suvarma sistemindən istifadə edənlərə subsidiya verilməsi nəzərdə tutulur. Nəzərə alaq ki, torpaq sahiblərinin əksəriyyətinin 3-4 hektar əkin sahəsi var. Belə sahələrdə isə suvarma sistemlərinin quraşdırılması mümkünsüzdür. Elə isə kiçik fermerələrə suvarma işinin təkmilləşdirilməsi üçün hansı dəstək tədbirləri nəzərdə tutulur?

- Fermerlər üçün suvarma dəstəyi ilə bağlı bir neçə mexanizm nəzərdə tutulur: məsələn, torpaq konsolidasiyası, o cümlədən Qəbələ və Salyan rayonlarında 20 min hektar sahədə pilot layihə çərçivəsində parçalanmış torpaq parsellərinin könüllü birləşdirilməsi.

Bu, kiçik sahəli fermerlərin torpaqlarını birləşdirərək müasir suvarma sistemlərinin tətbiqinə imkan yaradacaq. Təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması: Pilot layihədə kompleks yanaşma tətbiq olunacaq — torpaqlar birləşdiriləcək, təsərrüfatdaxili suvarma şəbəkəsi yenidən qurulacaq, yeni su idarəetmə modeli tətbiq ediləcək. Təsərrüfatlar üçün artezian quyuların qazılması mexanizminin tətbiqi nəzərdə tutulur. Kooperativləşmə təşviq ediləcək.

İşğaldan azad edilmiş ərazilərdə kooperativləşmə modeli tətbiq olunur. Məsələn, Ağalı kəndində 3 kooperativ yaradılıb. Bu model kiçik fermerlərin birgə suvarma infrastrukturundan istifadəsinə imkan yaradır. Nəzərə alaq ki, mövcud subsidiya qaydalarına görə, müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri üçün əkin əmsalı daha yüksəkdir (məsələn, buğda üçün 1,45 əmsal/290 manat, yoxsa 1,15 əmsal/230 manat). Bu, kiçik fermerlərə kooperativlər vasitəsilə müasir suvarmaya keçmək üçün stimul yaradır.

- Bu gün fermerlərə daha çox dövriyyə vəsaiti lazımdır. Bir çox təsərrüfat sahibləri dövlətin ayırdığı texniki subsidiyadan tam yararlana bilmədiklərini iddia edirlər. Həmin subsidiya fermerə dövriyyə vəsaiti kimi verilə bilərmi?

- Bu məsələ ilə bağlı Dövlət Proqramında birbaşa həll yolu nəzərdə tutulub. Avans mexanizmi tətbiq olunacaq. Subsidiyalarının 60 faizdən çox olmayan hissəsinin fermerlərə əvvəlcədən ödənilməsi nəzərdə tutulur. Bu, fermerlərə əkin mövsümündə dövriyyə vəsaiti kimi istifadə etməyə imkan yaradacaq.  

Eyni zamanda, “Məhsul şəhadətnaməsi haqqında" qanunun qəbulu nəzərdə tutulur. Bu mexanizm anbar məhsullarının qiymətli aktiv kimi rəsmiləşdirilməsinə və girov kimi istifadəsinə imkan verəcək. Nəticədə fermerlərin dövriyyə kapitalına çıxışı asanlaşacaq, maliyyə bazarları ilə əlaqələr güclənəcək. Sahibkarlıq subyektlərinə kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur ki, bu da fermerlərin bank kreditlərinə çıxışını asanlaşdıracaq. Həmçinin kredit, zəmanət və faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur.

- Fermerlərin bazara çıxış imkanlarının artırılması üçün hansı dəstək layihələrinin reallaşdırılması nəzərdə tutulur?

- Hazırda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət sifarişi ilə kənd təsərrüfatı məhsullarının satın alınması həyata keçirilir. Bazara çıxış problemi ilə bağlı Dövlət Proqramında kompleks tədbirlər nəzərdə tutulur. Soyuducu anbar infrastrukturunun genişləndirilməsi məqsədi ilə əlavə 100 min ton tutumlu soyuducu anbar yaradılacaq. Bu, fermerlərin məhsullarını saxlamaq və mövsümdənkənar satmaq imkanını artırır. 150 min tonluq yeni müasir taxıl silolarının qurulması da hədəflər sırasındadır. Yerli aqrar məhsullarının brendləşdirilməsi, beynəlxalq sertifikatların əldə edilməsi üçün subsidiya mexanizmləri də perspektiv planlara daxildir.

- Təəssüf ki, əksər fermerlər marketinq işinin təşkilində problemlər yaşayır. Onlar yeni məhsulun əkinini apararkən daha çox ötənilki bazar qiymətlərinə baxır. Bu da bəzi hallarda özünü doğrultmur, məhsul sahələrdə qalır. Bu istiqamətdə maarifləndirmənin artırılması üçün hansı tədbirlər görüləcək?

- Maarifləndirmə və fermerlərin rəqəmsal bacarıqlarının artırılması Dövlət Proqramının əsas prioritetlərindən biridir. Fermerlərin maarifləndirilməsi və insan kapitalının inkişafı Dövlət Proqramında əsas prioritet kimi qəbul olunub. Regional səviyyədə maarifləndirmə və təlim tədbirlərinin genişləndirilməsində Aqrar Təlim Mərkəzi, elmi tədqiqat institutları, regional aqrar xidmət strukturları yaxından iştirak edəcək.

Fermerlərə rəqəmsal platformalardan istifadə qaydaları, yeni texnologiyaların tətbiqi istiqamətində təlimlər keçilir. Aqrar Süni İntellekt (ASİ) sistemi 13 əsas istiqamət üzrə 33 modul tətbiq ediləcək. İkili diplom proqramları çərçivəsində aqrar sahədə məzun olanların sayının 46 nəfərdən ən azı 500 nəfərə çatdırılması nəzərdə tutulur. Dövlət Proqramında fermerlərin marketinq biliklərinin artırılması, rəqəmsal platformalardan istifadə bacarıqlarının inkişaf etdirilməsi, elmi-texniki tövsiyələrə çıxışın təmin edilməsi üçün geniş tədbirlər nəzərdə tutulub. Məqsəd 2030-cu ilə qədər hər bir fermerin dövlət dəstəyindən tam rəqəmsal və maneəsiz şəkildə yararlanmasıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin