Onlayn sifarişlərin artması ilə birlikdə çatdırılma ilə bağlı şikayətlər də çoxalır. Kiminsə bağlaması itir, kiminsə məhsulu zədəli olur, bəzən isə sifariş ümumiyyətlə ünvana çatmır. Belə hallarda karqo şirkəti məsuliyyəti onlayn alış-veriş platformasının üzərinə atır, platforma isə karqonu günahlandırır.
Bəs qanun qarşısında cavabdeh kimdir və vətəndaş kompensasiyanı kimdən tələb etməlidir?
MÖVZU İLƏ BAĞLI:
DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI
Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafayev bildirir ki, sifariş verənlə karqo şirkətləri arasında iki cür hüquqi münasibət formalaşır. Birinci hal əsasən Çindən sifariş verilən və geniş istifadə olunan Temu platforması ilə bağlıdır:
“Temu üzərindən sifariş edilən zaman platforma onu birbaşa qəbul edir və çatdırılmanı da öz üzərinə götürür.
Bir çox hallarda eyni şəxs tərəfindən sifariş olunan məhsullar müxtəlif vaxtlarda və fərqli karqo şirkətləri vasitəsilə sifarişçiyə təhvil verilir.
Belə olan halda, sifarişçinin malının vaxtında və salamat şəkildə təhvil verilməsinə görə məsuliyyət Temu platformasının, yəni həmin şirkətin üzərində olur. Çünki sifarişçi ilə müqavilə münasibəti yaranmış hesab olunur və platforma müəyyən öhdəlikləri öz üzərinə götürür. Karqo şirkəti də Temu tərəfindən seçildiyi üçün onun keyfiyyətli xidmət göstərməsinə görə məsuliyyət də Temunun üzərində qalır”.
Hüquqşünas həmçinin qeyd edir ki, digər ölkələrdən, məsələn, Türkiyədən edilən sifarişlər zamanı vətəndaş əvvəlcədən karqo şirkətini özü seçməli və sifarişi həmin şirkət vasitəsilə həyata keçirməlidir. Bu halda hüquqi münasibətlər artıq sifarişçi ilə karqo şirkəti arasında formalaşır.
Onun sözlərinə görə, vətəndaşa malın vaxtında və salamat şəkildə çatdırılmasına görə məsuliyyət də bu şirkətin üzərində olur:
“Vətəndaş çatdırılma şirkətini seçərkən, həmin platformanı və ya tətbiqi yükləyərkən orada göstərilən hüquq və vəzifələrlə, xidmət şərtləri ilə tanış olmalıdır. Təəssüf ki, bir çox hallarda insanlar bunları oxumurlar. Biz tövsiyə edirik ki, əvvəlcə həmin şərtlərlə tanış olsunlar, daha sonra isə hansı şirkətin xidmətindən istifadə edəcəklərinə qərar versinlər”- deyə o, vurğulayıb.
R.Mustafayev əlavə edir ki, şəxsi təcrübəsində karqo şirkətləri ilə bağlı ciddi mübahisələrə rast gəlməyib. Problem yarandıqda isə əksər hallarda onu həll etməyin mümkün olduğunu qeyd edir.
Xədicə Paşayeva, Bizim.Media



























































































