Amerikalı turistin Afrikanın Cecil adlı ən məşhur aslanını öldürməsinə reaksiyalar artır.
Zimbabve Safari Təşkilatı amerikalı turistin qitənin ən yaşlı və simvolik aslanını 55 min dollar qarşılığında öldürdüyünü açıqlayıb.
Musavat.com xəbər verir ki, Cecilin öldürülməsini təşkil edən iki professional ovçu qanunsuz ovçuluğa görə saxlanılaraq, məhkəməyə çıxarılıb.
Həmin ovçular Cecilə yem verərək, aslanı “Hwange”x9d milli parkından çıxardıqları və beləcə qanuni yolla öldürməyi planlaşdırdıqları ortaya çıxıb.
Zimbabve Safari Təşkilatı aslanın bazar dəyərindən aşağı qiymətə öldürüldüyünü bəyanlayıb: "Bu aslanın bazardakı real dəyəri təxminən 100 min dollara yaxındır. Əldə etdiyimiz məlumatlara görə, bu aslan üçün ödənilən pul 55 min dollardır".
Cecilin öldürülməsinə, aralarında məşhur simaların da olduğu minlərlə şəxs sosial mediadan reaksiya verib. Çox sayda insan amerikalı stomatoloqu sərt şəkildə tənqid edib.
Cecili öldürənlərin ən ağır şəkildə cəzalandırılması tələbiylə başladılan imza kampaniyasına yüzminlərlə adam qatılıb.
Aslanı öldürən və diş həkimi olduğu öyrənilən amerikalı turist sərt reaksiyalardan sonra verdiyi açıqlamada Cecilin bu qədər tanınmış olduğunu bilmədiyini söyləyib.





































































































