İraqda hüquq-mühafizə orqanları tərəfindən paytaxt Bağdad da daxil olmaqla ölkənin bir neçə regionunda irimiqyaslı korrupsiyaəleyhinə xüsusi əməliyyat keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Asharq Al-Awsat" qəzeti öz etibarlı mənbələrinə istinadən yayıb.
Paytaxtın yüksək dövlət instansiyalarının yerləşdiyi mühafizə olunan "Yaşıl zona"sında və digər rayonlarında korrupsiya, rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən dövlət rəsmiləri, deputatlar, güc strukturlarının əməkdaşları və tanınmış iş adamları həbs edilib.
Baş nazirin rəhbərliyi ilə gizli əməliyyat
Sözügedən irimiqyaslı əməliyyat birbaşa İraqın Baş naziri əl-Zaidinin rəhbərliyi altında, məhkəmə orderləri əsasında həyata keçirilir. Əməliyyat prosesinə ölkənin Antiterror Xidməti, ordu bölmələri və xüsusi xidmət orqanları cəlb olunub.
Mənbələr iddia edir ki, həyata keçirilən həbslərin bir hissəsi bir müddət əvvəl saxlanılan Neft nazirinin müavini əl-Cumaylinin istintaqa verdiyi etirafedici ifadələr əsasında baş tutub.
Hazırda Bağdadın "Yaşıl zona"sına giriş-çıxış məhdudlaşdırılıb və ərazi ciddi nəzarət altında saxlanılır. İraq hökuməti əməliyyatın gedişatı və saxlanılan şəxslərin dəqiq sayı barədə hələlik rəsmi bəyanatla çıxış etməyib.
Bizim.Media



































































































