İsrail Müdafiə Ordusu Qəzza sektorunun mərkəzi hissəsində keçirdiyi hava əməliyyatı nəticəsində HƏMAS qruplaşmasının dəniz polisi strukturunun əsas komandirlərindən birinin məhv edildiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, rəsmi Tel-Əvivin yaydığı məlumata görə, hədəfə alınan zərbə nəticəsində dəniz polisinin komandiri Mansur Sami Mahmud Şahtut zərərsizləşdirilib.
İsrail tərəfi iddia edir ki, sözügedən şəxs İsrail hərbi bölmələrinə qarşı yönəlmiş bir sıra silahlı hücumların və əməliyyatların birbaşa təşkilatçısı olub.
Daha iki komandir də məhv edilib
Ordunun rəsmi bəyanatında qeyd olunur ki, hava zərbəsi zamanı avtomobildə Mansur Şahtut ilə yanaşı HƏMAS-ın dəniz təhlükəsizliyi qanadına rəhbərlik edən daha iki yüksəkrütbəli komandir də olub və onların hər ikisi yerindəcə məhv edilib.
İsrail kəşfiyyatının və hərbi komandanlığının verdiyi məlumata görə, hər üç komandir silah-sursatla dolu avtomobildə hərəkət edərək ərazidəki İsrail ordu bölmələri üçün birbaşa və dərhal təhdid yaratdıqları üçün operativ şəkildə hədəfə alınıblar.

Bizim.Media



































































































