Rusiyada neft emalı zavodlarına edilən hücumlar və logistik problemlər fonunda daxili bazarda yaranan yanacaq qıtlığı paytaxt Moskva və Moskva ətrafı regionlarda pik həddə çatıb. Rusiya kütləvi informasiya vasitələrinin (KİV) və sosial şəbəkə istifadəçilərinin yaydığı son məlumatlara görə, regionun ən iri yanacaqdoldurma məntəqələri (AZS) şəbəkələrində sürücülər üçün sərt limitlər tətbiq olunmağa başlayıb.
Bizim.Media xəbər verir ki, "Qazpromneft", "LUKOYL" və "Teboil" kimi aparıcı şirkətlərin bir çox məntəqələrində yanacaq satışı kəskin şəkildə məhdudlaşdırılıb:
Bir sıra yanacaqdoldurma məntəqələrində bir avtomobil üçün birdəfəlik benzin satışı cəmi 20–30 litrlə məhdudlaşdırılıb. Bəzi şəbəkələrdə isə yanacağın növündən asılı olaraq limit 100 litrədək müəyyən edilib.
Benzinlə bərabər, dizel yanacağının da sərbəst satışı dayandırılıb və xüsusi nəzarətə götürülüb.
Əhalinin ajiotajla yanacaq ehtiyatı toplamasının qarşısını almaq üçün qablara (kanistrlara) benzin doldurulmasına tam qadağa qoyulub. Sürücülərə yanacaq yalnız birbaşa avtomobilin çəninə (bakına) vurulur.
Mənbələr qeyd edir ki, Moskva və ətraf vilayətlərdə fəaliyyət göstərən bir çox AZS-lər yanacaq çatışmazlığı səbəbindən ya fəaliyyətini müvəqqəti dayandırıb, ya da yalnız müəyyən növ yanacaqların satışını həyata keçirir. Bu vəziyyət yanacaqdoldurma məntəqələrində uzunmüddətli tıxacların və sürücülər arasında gərginliyin yaranmasına səbəb olub.
Hazırda Rusiya üzrə yanacaq məhdudiyyətlərinin tətbiq edildiyi regionların sayının artıq 16-ya çatdığı bildirilir.

Bizim.Media





































































































