Rusiyanın İrkutsk vilayətində bir neçə gündür davam edən və getdikcə dərinləşən yanacaq böhranı yerli əhalini çıxılmaz vəziyyətdə qoyub. Şəhərdə benzinin kəskin qıtlığı fonunda yanacaqdoldurma məntəqələrində (YDM) kilometrlərlə uzanan növbələr yaranıb, bir çox məntəqələrdə isə satış tamamilə dayandırılıb və ya ciddi limitlər tətbiq olunub.
Bizim.Media xəbər verir ki, yaranmış kollapsla bağlı yerli sakinlər sosial şəbəkələrdə dözülməz vəziyyəti əks etdirən çoxsaylı videolar paylaşırlar.
Sosial şəbəkələrdə trendə çevrilən videolardan birində avtomobilində əyləşən yerli sakin İrkutskda vəziyyətin hər gün daha da pisləşdiyini və onlara heç kimin kömək etməyəcəyini vurğulayır:
"İrkutsk, bizə burada heç kim kömək etməyəcək. Bizim kömək barədə qışqırıqlarımızı, xahişlərimizi heç kim eşitməyəcək. Çünki biz ölkədə qadağan olunmuş sosial şəbəkədə haray salırıq və burada sadəcə mövcud olmayan insanlardan kömək istəyirik. Bu situasiyada nə edəcəyimizi kimsə bilmir. Benzinlə bağlı vəziyyət isə hər ötən gün daha da pisləşir".
Şəhərdə nəqliyyat iflic olub
Məlumata görə, regionda ən çox tələbat olan AI-92 və AI-95 markalı benzinlər demək olar ki, yoxa çıxıb. Yalnız bir dövlət şəbəkəsinə məxsus məntəqələrdə yanacaq qaldığı üçün sürücülər saatlarla, bəzən isə sutkalarla növbədə gözləməli olurlar. Artıq şəhərdə təcili tibbi yardım maşınlarının da YDM-lərdə növbəyə durduğu, bələdiyyənin xüsusi texnikaları və ictimai nəqliyyatı qorumaq üçün xüsusi sxemlərin tətbiqinə başlanıldığı bildirilir.
İrkutsk qubernatoru İgor Kobzev rəsmi müraciətində yanacaq çatışmazlığından istifadə edərək benzini baha qiymətə yenidən satan spekulyantlara qarşı polisin hərəkətə keçməsini tələb edib. Hakimiyyət orqanları böhranın qarşısını 10-14 gün ərzində alacaqlarını vəd etsələr də, yerli sakinlər vəziyyətin yaxın zamanda düzələcəyinə inanmırlar.
Bizim.Media



































































































