Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

Hazırda oxunan: Araqçi Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi: "Kənar müdaxilə yolverilməzdir"

622005

İranın Xarici İşlər naziri Abbas Araqçi Bağdada rəsmi səfəri çərçivəsində regiondakı hərbi-siyasi vəziyyət və beynəlxalq dəniz yollarının təhlükəsizliyi ilə bağlı mühüm bəyanatlarla çıxış edib. İranlı diplomat xüsusilə Hörmüz boğazındakı mövcud vəziyyətə toxunaraq, xarici qüvvələri proseslərə müdaxilə etməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, nazir Araqçi hazırkı maneələr aradan qaldırıldıqdan sonra Hörmüz boğazında gəmiçiliyin bərpası və idarə edilməsinin müstəsna olaraq İranın səlahiyyətinə aid olduğunu vurğulayıb.
 

İran XİN rəhbərinin sözlərinə görə, kənardan ediləcək hər hansı müdaxilə cəhdi vəziyyəti daha da mürəkkəbləşdirə, dəniz nəqliyyatının normallaşmasını ləngidə və regionda yeni eskalasiya dalğasına səbəb ola bilər.


Abbas Araqçi regiondakı digər münaqişə ocaqlarından da bəhs edərək birbaşa Vaşinqtona müraciət edib. O, ABŞ-ı İsrailin Livandakı hərbi hücumlarının dayandırılmasını təmin etməyə çağırıb. Eyni zamanda, rəsmi Vaşinqtonun atəşkəs rejiminin sabitləşdirilməsi və qoşunların "işğal olunmuş ərazilərdən" çıxarılmasına hazırlanması barədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini diqqətə çatdırıb.

Bununla yanaşı, İranın baş diplomatı İraq hökumətinin regional təhlükəsizliklə bağlı irəli sürdüyü yeni diplomatik təşəbbüsü tam dəstəklədiyini bildirib.

O, İran, İraq və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ölkələri arasında birbaşa dialoqun başlanmasının tərəfdarı olduğunu vurğulayıb.

Araqçi xüsusilə qeyd edib ki, Yaxın Şərqdə formalaşacaq yeni təhlükəsizlik arxitekturası kənar böyük dövlətlərin iştirakı olmadan, yalnız regionun daxili dinamikası və yerli ölkələrin iradəsi ilə qurulmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin