Kremldə Azərbaycanla münasibətlərin ən yüksək səviyyədə olduğu, tərəfdaşlığın inkişaf etdiyi və ölkəmizin ərazi bütövlüyünün tanındığı bəyan edildiyi bir vaxtda, Rusiyanın dövlət telekanalı olan "Rossiya-1" efirində açıq təxribata yol verib. Telekanal Azərbaycan ərazilərində ləğv edilmiş separatçı rejimin rəmzlərini nümayiş etdirərək və təbliğ edərək "ArBat" erməni batalyonunun "igidlikləri" barədə geniş reportaj yayımlayıb.
Bizim.Media xəbər verir ki, Luqanskı müdafiə etdiyi iddia olunan bu muzdlu döyüşçü qrupunun "qəhrəmanlığı" fonunda telekanal jurnalistləri qərəzli şəkildə separatçı simvolların üzərində xüsusi fokuslanıblar.
Reportajda "Maraqa", "İnjener" və "Moska" ləqəbli erməni muzdlulardan müsahibələr alınıb. Bu zaman "Rossiya-1" jurnalistləri döyüşçülərin forması üzərindəki separatçı nişanları iri planla nümayiş etdiriblər ki, bu da materialın qəsdən və düşünülmüş şəkildə hazırlandığını göstərir.
Bununla yanaşı, süjetdə Azərbaycan ərazisində mövcud olmayan "Dağlıq Qarabağ" (Naqornı Karabax) ifadəsindən istifadə edilib. Dövlət kanalının əməkdaşlarının hazırda yalnız Qarabağ iqtisadi rayonunun mövcudluğundan xəbərsiz olması qeyri-mümkündür. Digər tərəfdən, Ermənistan qanunvericiliyinə görə muzdluluq cinayət hesab edilsə də, Rusiya televiziyası "Moska" ləqəbli yaraqlının Ermənistanda cinayətkar elan olunmasını sanki Rusiyaya görə cəzalandırılma kimi təqdim etməyə çalışıb.
Rusiya Prezidenti Vladimir Putinin Qarabağı rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etməsinə və 2022-ci ildə imzalanmış Moskva bəyannaməsinin dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə baxmayaraq, "Rossiya-1" rəhbərliyinin bu cür addımı ciddi suallar doğurur. Telekanal rəhbərliyi — baş direktor Anton Zlatopolski, baş prodüser İqor Şestakov və proqram direktoru Aleksandr Neçayev Kremlin rəsmi xəttinə qarşı çıxaraq separatçılıq infeksiyasına yoluxublarmı?
Bu, Azərbaycanın dövlətçiliyinə, suverenliyinə və Bakı ilə Moskva arasındakı münasibətlərə qarşı yönəlmiş birbaşa təxribatdır. VGTRK daxilində çəkilişi hazırlayan, montaj edən, mətni təsdiqləyən və efirə buraxan şəxslərin adlarının müəyyən edilməsi üçün təcili xidməti araşdırma aparılmalıdır. Əgər bu hadisə səhlənkarlıqdırsa, günahkarlar intizam məsuliyyətinə cəlb olunmalı; yox, əgər şüurlu redaksiya xəttidirsə, bu artıq daha ciddi siyasi məsələdir.
Rəsmi Bakı üçün bu cür təxribatlar qəbulolunmazdır.
Bizim.Media






































































































